Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1437/2020 03.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəl müəyyən olunmuş 130 manat alimentin məbləğinin artırılıb sabit pul məbləği ilə 170 manat müəyyən edilərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, cavabdehlə 2015-ci ildə faktiki olaraq ailə qurmuş, birgə yaşadıqları dövrdə bir uşaqları olmuşdur. X6 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3014/2018 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün onun xeyrinə 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Artıq 2 ildir ki, cavabdehin uşağın böyüməsini nəzərə alıb alimentin miqdarını artıracağına güman etdiyindən alimentin artırılmasını məhkəmə qaydasında tələb etməmişdir. Lakin cavabdeh alimentin miqdarını bir manat da olsun artırmamışdır. Ona görə də, məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Artıq qızı 2 yaş 8 ayındadır. 2 ilə yaxındır ki, valideynlərinin köməyi ilə uşağına baxır. Cavabdehin təqsiri ucbatından gecikmələrlə aldığı 130 manat məbləğində aliment çox azdır. Belə ki, uşağın geyimi, yeməyi və s. xərcləri var. Hal-hazırda heç bir yerdə işləmir. Qızı dəfələrlə xəstələnsə də cavabdeh bir dəfə də olsun əlavə xərclərdə iştirak etməmiş, əlavə heç bir köməklik göstərməyərək valideyn kimi üzərinə düşən öhdəlikləri qismən yerinə yetirmişdir. Cavabdehin tələbdə qeyd olunan məbləğdə aliment ödəməyə imkanı çatır. Belə ki, cavabdeh təmirlə bağlı usta işlədiyindən aylıq yaxşı qazancı olur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3014/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh azyaşlı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş və əsli məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli, AZ – İ № 339547 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. ASAN-Gəncə tərəfindən verilmiş və əsli məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı, 18262307 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Ayla Vəliyevanın atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Bu səbəbdən də, məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs arzusu və haqqı, həm də müqəddəs öhdəliyidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, X4 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X4 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyub-duymamalarından asılı deyildir. Ailə Məcəlləsinin 75.4-cü maddəsi məhkəmələrə yetkinlik yaşına çatmayan uşağın təminatından yayınan valideynləri uşaqlarını saxlamağa məcbur etmək səlahiyyət verir və məhkəmə də hazırkı iddia üzrə həmin səlahiyyətindən istifadə etmək qətiyyətindədir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV bəndinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X4 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X2 X4 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin 130 manat məbləğində ödədiyi aliment uşağın bioloji varlığı, sağlam inkişafını, onun qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi üçün kifayət edə bilməz. Buna görə də, alimentin artırılması barədə iddia birmənalı olaraq təmin edilməlidir. Həmin alimentin miqdarına gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə əgər aliment verəcək şəxsin qazancı və gəliri yoxdursa alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq şərtilə sabit pul məbləği ilə müəyyən olunur. Ona görə məhkəmə yekun qərar qəbul edən zaman göstərilən maddələrə istinad etmək istəyir. Çünki yuxarıda iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə heç bir sübut təqdim edə bilmir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna» istinad edəcəkdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 170 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını göstərilən məbləğdə, yəni 170 manat həddində müəyyən etmək istəyir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin olunsun. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh tərəfindən xx.xx.2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənən alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğilə 170 (bir yüz yetmiş) manat məbləğində aliment ondan tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-1437/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1437/2020
03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver