Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1439/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə dərman şirkətində olarkən tanış olmuşdur. Belə ki, həmin vaxt cavabdeh "Damla'' adlı aptekdə işləmişdir. Onların münasibətləri sonrakı vaxtlarda daha da yaxşılaşmış və bir-birinin evinə gedib gəlmişlər. Bir müddət sonra cavabdeh ondan pul istəmiş o, isə pulu olmadığını ona bildirdikdə ondan tanışlarından pul tapmasını xahiş etmişdir. O, 2019-cu ilin fevral ayında ona işlədiyi aptekdə 5000 manat, sonra isə Şahsevənlər küçəsində 8000 manat pul vermişdir. O, bir neçə aydan sonra ondan borcunu qaytarmasını istədikdə, cavabdeh demişdir ki, ona 11000 manat pulu əlavə olaraq versə, o banka olan borcunu bağlayıb pulun hamısını birlikdə qaytaracaqdır. O, cavabdehdən borcunu istədikdə cavabdeh ondan daha 10000 manat pul istəyib atasının işini həll edəcəyini və atasının dostunun obyektini satıb pulların hamısını birlikdə ona qaytaracağını bildirmişdir. Bundan sonra o, Günelin avtomobilində ona 10000 manat əlavə pul vermişdir. Ümumilikdə cavadehin ona 34000 manat borcu yaranmışdır. Lakin dəfələrlə ondan pulunu tələb etsə də, bu günə qədər həmin pulu qaytarmaqdan imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdeh iddiaçıdan aldığı 34000 manat borcunu ona geri qaytarmışdır, lakin bu barədə sübutlarını ondan asılı olmayan səbəblərdən təqdim edə bilmir. Cavabdehin iddiaçıya heç bir borcu qalmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 09 mart 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti üzrə aparılmış təhqiqat araşdırması zamanı toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, o, 2019-cu ilin fevral, mart və aprel aylarında Cavabdeh 24000 manat pulu, daha sonra 2019-cu ilin iyun ayında isə əlavə olaraq 10000 manat olmaqla, ümumilikdə ona 34000 manat pulu borc kimi vermiş, lakin Cavabdeh bugünədək həmin pulu ona qaytarmamışdır. Material üzrə araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı ümumilikdə 34000 manat pulu sələmə götürmüş, Günelə avqust ayının 5-dək 28000 manat pul vermişdir. Günel ona 34000 manat pul verdikdə hər dəfə pulun faizini üstündən çıxmışdır. O, təxminən Günelə 28000 manat pul qaytarmışdır. Onun hesablamalarına görə, Günelə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 34000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni Cavabdeh ondan 34000 manat pulu almasını etiraf etməsinin qeyd olunduğu 09 mart 2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarının surətini məhkəməyə təqdim etmişdir. Həmin qərarda olan cavabdehin izahatından müəyyən olunur ki, 34000 manat pul həqiqətən iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh həmin izahatında, eləcə də cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan borc kimi alınmış pulun tamamilə ona qaytarıldığını bildirsələr də, cavabdeh tərəf bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh tərəfə borcun qaytarılmasına dair sübutlarını təqdim etməsi təklif olunaraq, bununla bağlı məhkəmə iclasları bir neçə dəfə təxirə salınaraq cavabdeh tərəfə sübutlarını təqdim etməsi üçün lazımi şərait yaradılsa da, cavabdeh tərəf borcun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2019-cu ildə ayrıayrı vaxtlarda olmaqla tərəflər arasında şifahi qaydada borc müqavilələri bağlanmış və iddiaçı tərəfindən cavabdehə ardıcıl olaraq, 5000 manat, 8000 manat, 11000 manat və 10000 manat olmaqla, ümumilikdə 34000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2019-cu ildə ayrı-ayrı vaxtlarda bağlanmış ümumlikdə 34000 manat pulun borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə 09.03.2020-ci il tarxli cinayət işinin başlanması barədə qərarda cavabdeh iddiaçıdan ümumilikdə 34000 manat pulu aldığını etiraf etməsi ilə təsdiq olunur ki, həmin pul məbləği ayrı-ayrı vaxtlarda olmaqla hissə-hissə iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilələr bağlanmış olmasa da, cavabdehin izahatı həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğlərini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pul məbləğlərinin və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 34000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 34000 (otuz dörd min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1439/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1439/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver