Məhkəmə qərarları › İş №2(043)-1446/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1446/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1446/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi x1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1811 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı 01.01.2018-ci il tarixli və 09.04.2018-ci il tarixli müqavilələrə əsasən Soyuducu Samsung, İMEİ kodu **********78954 Hoffmann X MAX telefon, x4, Blender Braun, Qazan Röndell Rossoalmış və nəticədə 1811 (min səkkiz yüz on bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.01.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti1443 (min dörd yüz qırx üç) manat (12 ay x 112 manat + 99 manat ilkin ödəniş) Soyuducu Samsung üçün 760 (yeddi yüz altmış) manat olmaqla ondan,592 (beş yüz doxsan iki) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə;01.01.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918 (doqquz yüz on səkkiz) manat (18 ay x 51 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********78954 Hoffmann X MAX telefon, x4, Blender Braun, Qazan Röndell Rosso üçün1051 (min əlli bir) manat olmaqla, ondan 806 (səkkiz yüz altı) manat ödənilməmiş hissə, 245 (iki yüz qırx beş) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 963 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 01.01.2018-ci il tarixli № 767 nömrəli müqavilədən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 1443 manat olan məhsul (Soyuducu Samsung) üçün 99 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətinə aylıq 112 manat ödəmək şərtilə almışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 09.04.2018-ci il tarixli № K00106634 nömrəli müqavilədən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 918 manat olan məhsul (Hoffmann X MAX telefon, x4, Blender Braun, Qazan Röndell Rosso) üçün 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə aylıq 51 manat ödəmək şərtilə almışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarında olan maliyə və ödəniş cədvəlinə əsasən tərəflər arasında bağlanmış 01.01.2018ci il və 09.04.2018-ci il tarixli müqavilələr üzrə Cavabdeh cəmi 963 manat ödəniş etmiş, onun halhazırda 1811 manat (1398 manat əsas borc və 413 manat cərimə) ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 14.06.2019-cu il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqı müqavilələri bağlamışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyanın dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 01.01.2018-ci il tarixli müqaviləyə üzrə 168 manat, 09.04.2018-ci il tarixli müqavilə üzrə isə 245 manat cərimə (dəbbə) tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 01.01.2018-ci il tarixli müqavilə üzrə 30 (otuz ) manat; 09.04.2018-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 1398 manat ödənilməmiş əsas borc, 80 manat dəbbə pulu olmaqla, cəmi 1478 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1398 manat əsas borc və 80 manat cərimə olmaqla, cəmi 1478 manat pul və ödənilmiş dövlət rüsumuun əvəzi kimi 30 manat tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar