Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-145/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 29 aprel 2013-cü il tarixdə bağladıqları şifahi kredit müqaviləsinə əsasən yaranmış 14700 (on dörd min yeddi yüz) manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 135 manat və 50 manat ödədiyi xidmət haqqının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə uzun illərdi ki, dostluq münasibətləri olub. 29 aprel 2013-cü il tarixdə cavabdeh torpaq alacağını bildirərək ona təcili pul lazım olduğunu bildirmişdir. Cavabdeh ondan 26000 ABŞ dolları məbləğində borc olaraq pul istəmiş və bildirmişdir ki, ondan borc olaraq aldığı pulu ən geci 5 günə geri qaytaracaqdır. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Aralarında olan hörmət və dostluq münasibətinə görə 5 il dözmüşdür. 2018-ci ildə o, cavabdehə sərt xəbərdarlıq edəndən sonra həmin ilin müxtəlif vaxlarda Cavabdeh ona olan borcundan ümumilikdə 15000 ABŞ dolları məbləğində pulu geri qaytarmışdır. Həmçinin 2021-ci ilin iyun ayında cavabdeh ona olan borcundan iki dəfəyə ümumilikdə 4000 manat məbləğində pulu geri qaytarmışdır. O, dəfələrlə cavabdehə ailəsinin maddi durumunun aşağı olmasını və övladının ali məktəbə daxil olduğu üçün pul lazım olduğunu desə də o, hər dəfə yalan and içərək dolayısı yollarla hal-hazırda qalan borcunu qaytarmaqdan imtina edir. Ancaq, aralarında yazlı yox, iki dost kimi şifahi razılaşma olduğu üçün razılaşmanı rəsmiləşdirməmişlər. Cavabdeh ona borcunun olmasını hər dəfə etiraf etsə də, həmin borcu qaytaracağını bildirsə də, qeyd edilənlərə əməl etməmişdir. Bu səbəbdən o, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı, iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ona olan 26000 ABŞ dolları borcundan 17352 ABŞ dollarını ödədiyini, hal-hazırda ödənilməmiş qalan 8647 ABŞ dolları borcun cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. 21 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçı həqiqətən ona 5 gün müddətinə qaytarmaq şərti ilə 26000 ABŞ dolları pulu borc kimi vermişdir. Lakin, həmin pulu o, özü üçün almamış, tanışı Natiq adlı şəxsə torpaq sahəsi alması üçün vermişdir. Natiq həmin pulun bir hissəsini qaytarmış, lakin borcun bir hissəsi qalmışdır. Natiq adlı şəxs həmin pulu ona qaytaracağı təqdirdə, o da iddiaçının pulunu verəcəkdir. Odur ki, iddiaçı ilə aralarında razılıq əldə edilməsi üçün vaxt verilməsini istəmişdir. Cavabdeh növbəti məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 26000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borc kimi almasını etiraf etməsi barədə səs yazısı olan diski məhkəməyə təqdim etmişdir. Həmin səs yazısı ilə müəyyən olunur ki, həqiqətən cavabdeh iddiaçıdan 26000 ABŞ dolları məbləğində pulu borc kimi almışdır. İddiaçı isə həm iddia ərizəsində, həm də məhkəmə iclasında bildirir ki, cavabdeh aldığı borcun bir hissəsini hissə-hissə ona qaytarmış, onun hazırda 8647 ABŞ dolları borcu qalmaqdadır. Lakin, cavabdeh həmin məbləği iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan aldığı pulu özü üçün deyil, tanışı Natiq adlı şəxsə vermək üçün aldığını bildirsə də, işin bu halı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, məhz tərəflər arasında 29.04.2013-cü il tarixli şifahi qaydada bağlanmış real borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 5 gün müddətində qaytarılması şərti ilə 26000 ABŞ dolları məbləğində pul vermişdir. Bununla da tərəflər arasında şifahi qaydada bağlanan borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Öhdəliyə əsasən cavabdeh borc kimi aldığı pul məbləğini iddiaçıya razılaşmada göstərilən müddətdə qaytarmalı idi. Cavabdehin borc kimi aldığı pul məbləğini sonradan başqa şəxsə verməsinin, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətinə heç bir aidiyyəti yoxdur və hazırki iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 30.06.2016-cı il tarixədək qüvvədə olan 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 29.04.2013-cü il tarixdə həmin dövrdə qüvvədə olan qanuvericiliyə uyğun olaraq şifahi qaydada real borc müqaviləsi bağlanmış və iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan borc kimi aldığı 26000 ABŞ dolları məbləğində pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini lazımında icra etməmiş, borcunun 17352 ABŞ dolları hissəsini iddiaçıya qaytarsa da, öhdəliyinin 8647 ABŞ dolları hissəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməli, 8647 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu və iddia ərizəsinin hazırlanması üçün ödənilmiş 50 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8647 (səkkiz min altı yüz qırx yeddi) ABŞ dolları məbləğində pul (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135 manat pul və iddia ərizəsinin hazırlanması üçün ödənilmiş 50 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-145/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-145/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver