Məhkəmə qərarları › İş №2(043)-1456/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1456/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1456/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı "xxxx" MMC-nin X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 14.12.2018-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan maşın üçün 225 manat ödənilməmiş hissə, 70 manat dəbbə; 10.03.2019-cu il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan, “Hoffman” markalı Solo soba üçün 1334 manat ödənilməmiş hissə, 400 manat dəbbə pulu, 25.03.2019-cu il müqaviləyə əsasən, “LG” markalı paltaryuyan üçün 1104 manat ödənilməmiş hissə, 331 manat dəbbə pulu olmaqla, ümumilikdə 3464 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3494 manat Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 14.12.2018-ci il, 10.03.2019-cu il və 25.03.2019-cu il müqavilələrə əsasən, “Samsung” markalı paltaryuyan maşın, “LG” markalı paltaryuyan, “Hoffman” markalı Solo soba və “LG” markalı paltaryuyan almış və nəticədə 3464 (üç min dörd yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1287 manat (11 ay x 117 manat + 0 manat ilkin ödəniş) “Samsung” markalı paltaryuyan üçün 295 manat olmaqla, 225 manat ödənilməmiş hissə, 70 manat dəbbə; 10.03.2019-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1608 manat (18 ay x 89 manat + 6 manat ilkin ödəniş) “LG” markalı paltaryuyan maşın, “Hoffman” markalı Solo soba üçün 1734 manat olmaqla, 1334 manat ödənilməmiş hissə, 400 manat dəbbə; 25.03.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1242 manat (18 ay x 69 manat + 0 manat ilkin ödəniş) “LG” markalı paltaryuyan üçün 1435 manat olmaqla ondan, 1104 manat ödənilməmiş hissə, 331 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1474 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 14.12.2018-ci il, 10.03.2019-cu il və 25.03.2019-cu il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1287 manat olan “Samsung” markalı paltaryuyanı, 1608 manat olan “LG” markalı paltaryuyan və “Hoffman” markalı Solo soba və dəyəri 1242 manat olan “LG” markalı paltaryuyanı dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar “Samsung” markalı paltaryuyan, üçün hər ay 117 manat, “LG” markalı paltaryuyan və “Hoffman” markalı Solo soba üçün hər ay 89 manat və “LG” markalı paltaryuyan üçün hər ay 69 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14.12.2018-ci il tarixli müqaviləyə əsasən “225 manat əsas borc, 70 manat dəbbə; 10.03.2019-cu il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan, “Hoffman” markalı Solo soba üçün 1334 manat əsas borc, 400 manat dəbbə pulu, 25.03.2019-cu il müqaviləyə əsasən, “1104 manat ödənilməmiş hissə, 331 manat dəbbə pulu olmaqla, ümumilikdə 3464 (üç min dörd yüz altmış dörd) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 11.01.2021-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin "xxxx" MMC ilə 14.12.2018-ci il, 10.03.2019-cu il və 25.03.2019-cu il tarixli müqavilələrinə əsasən “Samsung” markalı paltaryuyanı 1287 manata, “LG” markalı paltaryuyan və “Hoffman” markalı Solo sobanı 1608 manata və “LG” markalı paltaryuyanı 1242 manata almış, həmin məbləğin bir hissəsindən ödəniş etməmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 3464 manat borcu yaranmışdır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 801 (səkkiz yüz bir) manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2663 (iki min altı yüz altmış üç) manat ödənilməmiş əsas borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 2863 (iki min səkkiz yüz altmış üç) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2663 (iki min altı yüz altmış üç) manat ödənilməmiş əsas borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 2863 (iki min səkkiz yüz altmış üç) manat və məhkəmə xərci qismində 30 (otuz) dövlət rüsumu olmaqla, ümumilikdə 2863 (iki min səkkiz yüz altmış üç) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar