Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1457/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 1280,69 ABŞ dollarının və dövlət rüsumu olaraq ödənilmiş 41,77 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə Cavabdeh məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, lakin poçtalyon zərfə sonuncunun ölməsi barədə qeyd əlavə edərək zərfi məhkəməyə qaytarmışdır. Bundan sonra “AZEMİS” Elektron Məhkəmə informasiya sisteminin imkanlarından istifadə edilərək cavabdehin ölüb-ölməməsi dəqiqləşdirilmiş və məlum olmuşdur ki, Cavabdeh 01 sentyabr 2015-ci il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı "xxxx" ASC mövcud iddia ərizəsi ilə məhkəməyə 20.04.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin məhkəməyə müraciət etməmişdən bir neçə il əvvəl ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman artıq Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh iş üzrə cavabdeh hesab edilmədiyindən, iş üzrə icraata xitam verilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(043)-1457/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1457/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver