Məhkəmə qərarları › İş №2(043)-1462/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1462/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1462/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1368 manat əsas borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyət ilə məşğul olduğu mağazada onunla Cavabdeh arasında bağlanmış 15.06.2019-ci il tarixli 343395 saylı alqı-satqı müqaviləsinə əsasən 1368 manat dəyərində olan bir ədəd “Javel” markalı soyuducu almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən, məbləği 12 aya bölərək, hər ay üçün 114 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1368 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, 1368 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alqısatqı müqavilələrinin 11.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətinin pisləşməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, onun sahibkarlıq fəaliyyətinə ciddi ziyan vurmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Müqavilə üzrə ödəniş cədvəlindən də göründüyü kimi cavabdehin sonuncu ödəniş müddəti də hesablanmaqla qanunla nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddəti buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Fiziki şəxs İddiaçı (VÖEN **********) ilə Cavabdeh arasında bağlanmış 15.06.2019cu il tarixli, 343395 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Maqnit Ekspress” mağazası alıcıya 1368 (bir min üç yüz altmış səkkiz) manat “Javel JDC-344US Dis” markalı soyuducunun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Javel JDC-344US Dis” markalı soyuducu üçün hər ay 114 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. “Satılmış əşyaların təhvil verilməsi” haqqında 15.06.2019-cu il tarixli, 343395 nömrəli aktından görünür ki, Cavabdeh 1368 (bir min üç yüz altmış səkkiz) manat dəyərində olan “Javel JDC-344US Dis” markalı soyuducunu qəbul etmişdir. 22.01.2021-ci il tarixli “Maqnit Ekspress” mağazasının arayışından görünür ki, Cavabdeh 22.01.2021-ci il tarixə 15.06.2019-cu il tarixli, 343395 nömrəli alqı-satqı müqaviləsi üzrə 1368 manat əsas və 150 manat məbləğində cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 1368 manat ödənilməmiş hissə tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1368 manat əsas borc və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1398 (bir min üç yüz doxsan səkkiz) manat pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar