Məhkəmə qərarları › İş №2(043)-1465/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1465/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1465/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 03.06.2018-ci il tarixli müqaviləyə əsasən “Hoffman” markalı paltaryuyan maşın, “Hoffman” Faac markalı kondisioner üçün 252 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu, ümumilikdə 339 (üç yüz otuz doqquz) manat borc pulun və 20 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 03.06.2018-ci il tarixli müqaviləsinə əsasən “Hoffman” markalı paltaryuyan maşın, “Hoffman” Faac markalı kondisioner almış və nəticədə 339 (üç yüz otuz doqquz) manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 1746 (bir min yeddi yüz qırx altı) manat (18 ay x 97 manat + 0 manat ilkin ödəniş) olan Hoffman” markalı paltaryuyan maşın, “Hoffman” Faac markalı kondisioner üçün ümumilikdə 339 (üç yüz otuz doqquz) manat olmaqla, ondan, 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1494 (bir min dörd yüz doxsan dörd) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini əsas və faiz borcu hissəsində qəbul edərək hissə-hissə ödəməyə razı olduğunu bildirdi və cərimə borcunun azaldılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03.06.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən müqaviləyə əsasən “Hoffman” markalı paltaryuyan maşın, “Hoffman” Faac markalı kondisioner almış və aylıq 97 manat olmaqla, 18 ay müddətinə, ümumilikdə 1746 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 03 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03.06.2018-ci il tarixli müqaviləyə əsasən, 295 (iki yüz doxsan beş) manat ödəniş etmiş, əsas borc üzrə 252 manat borcu qalmış, həmin borca 87 manat dəbbə pulu hesablanmaqla ümumilikdə 339 (üç yüz otuz doqquz) manat borcu vardır. İş materiallarına əlavə edilmiş 13.10.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə 03.06.2018-ci il tarixli müqaviləsinə əsasən Hoffman” markalı paltaryuyan maşın, “Hoffman” Faac markalı kondisioner almış, həmin məbləğdən 1494 (bir min dörd yüz doxsan dörd) manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 252 (iki yüz əlli iki) manat əsas borcu qalmış, qalıq borca 87 (səksən yeddi) manat dəbbə pulu hesbalanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 87 (səksən yeddi) manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 20 (iyirmi) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Şirinov Tahir Oqtay oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 252 (iki yüz əlli iki) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat borc pul və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 252 (iki yüz əlli iki) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat, məhkəmə xərci qismində 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar