Məhkəmə qərarları › İş №2(043)-1476/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1476/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1476/2022 20.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 8500 (səkkiz min beş yüz) manat pulun və 53 (əlli üç) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdeh onun qonşusudur. Əvvəllər qonşu kimi münasibətləri yaxşı olmuşdur. Cavabdeh Ramin və arvadı Jalə bir neçə dəfə ondan qonşu kimi müəyyən məbləğdə borc pul istəmişlər. Onlara etiraz etməyərək vermişdir və onlar verdiyi pulları geri qaytarmışlar.Beləlilə cavabdeh onun inamını qazandıqdan sonra sonuncu dəfə təxminən bir il bundan əvvəl Ramin ondan hissə-hissə 8500 manat pul alaraq tez bir zamanda qaytaracağına söbz vermşdir. Cavabdehdən verdiyi pulu geri qaytarmasını tələb etdikdə o, borcundan ayrı ayrı vaxtlarda şissə-hissə 550 manatını qaytarmış, qalan borcunu hər dəfə bir bəhanə ilə tez bir zamanda qaytaracağını bildirərək onu aldatmışdır. Bununla bağlı polisə müraciət etmiş cavabdeh borclu olduğunu etiraf etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, həyat yoldaşı Ramin iddiaçıdan 2000 manat sələmə pul götürmüşdür. Daha sonra sələmi ilə birlikdə 2500 manat pulu geri qaytarmışdır. Hal-hazırda iddiaçıya heç bir borcu yoxdur. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, iddiaçı Xanımı 5 il olar tanıyır, onunla qonşudurlar. Cavabdeh tərəf də onlarla qonşudur. Xanımla münasibti yaxşıdır, Raminlə isə əlaqəsi yoxdur. Belə ki, Xanımgilə gələn zaman Xanımın Raminə avtomobil alveri etmək məqsədi ilə 4000 manat pul verdiyini görmüşdür. Daha sonra eşitmişdir ki, pulu qaytarmır və aralarında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Xanımı Kəmalənin vasitəsi ilə tanımışdır. Ramini isə bir dəfə görmüşdür. Ramin Xanım və Kəmalə ilə qonşudur. Təxminin 2021-ci ilin yanvar ayında Ramini Xanımgildə görmüşdür. Xanın Raminə 4000 manat pul vermişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olsun. Məhkəmə iclasında tədqiq etilmiş «xx.xx.2001-ci il» tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 2500 manat borc aldığını qeyd etmişdir. Ginayət işi başlanmasının rədd edilməsi haqqında Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin təhqiqat bölməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı izahatında cavabdehə 6300 manat borc verdiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi, iddiaçı cavabdehə 8500 manat borc verdiyini iddia etsə də həmin məbləgdə cavabdehə borc verməsi barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçı yalnız 2500 manat pulun cavabdehə borc verməsi barədə qəbzi məhkəməyə təqdim etmiş, həmin qəbzdəki tarix iddiaçının göstərdiyi tarixə və cavabdehin adı ata adı və soyadına uyğun deyildir. Bununla yanaşı iddiaçı iddia ərizəsində cavabdehə 8500 manat borc verdiyini göstərməklə polis şöbəsində isə izahatında 6300 manat verdiyini qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə iddia ərizəsində göstərilən məbləğdə borc verməsinə dair hər hansı bir sübut təqdim etmədiyindən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş qəbzdə ziddiyət olsa da cavabdehin nümayəndəsi həqiqətən iddiaçıdan 2500 manat borc pul aldıqlarını etiraf etmişdir.Bununla yanaşı cavabdeh tərəf iddiaçıdan aldıqları 2500 manat borcun qaytarıldığını göstərsə də bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı cavabdeh tərəfindən 550 manat pulun ona qaytarıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1950 manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 39,5 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat və dövlət rüsumunun əvəzi olaraq 39,5 (otuz doqquz manat 50 qəpik) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar