Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1494/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 4900,16 (dörd min doqquz manat 16 qəpik) manat ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, İtaliya Respublikasında təhsil almaq üçün 2019-cu ildə Bakı şəhərində Cavabdeh ilə tanış olmuşdur və xaricdə təhsil almağın şərtlərini dinlədikdən sonra onun icraçı adalandırılacaq "PASSport Academy" icraçı direktoru qismində onunla 01.12.2019-cu il tarixdə təqaüdlü təhsil xidmətinin göstərilməsi haqqında müqavilə bağlamışlar. Həmin xidmət müqaviləsinə əsasən cavabdeh tərəfindən oxuduğu təhsil müəssəsində qəbul və təqaüd məsələləri həll edilməli idi. Amma cavabdehlə aralarında olan müqaviləyə onun tərəfindən əməl olunmaması nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, xidmət müqaviləsi üçün Cavabdeh 1050 ( bir min əlli) manat pul ödəmişdir. Cavabdeh tərəfindən universitetə qəbulu alınmışdır, sonra 06 noyabr 2020-ci il tarixdə vizadan müsbət cavab aldıqdan sonra Cavabdeh ilə əlaqə saxlamışdır, həmin şəxs tərəfindən ona bildirilmişdir ki, onun orada təqaüd məsələsi də həll edilmişdir. Ondan sonra İtaliya Respublikası haqqında bir az da əlavə məlumatlar barəsində fikir mübadilələri aparmışdır. Bundan sonra isə İtaliya Respublikasına getmişdir və orada 14 gün müddətində koronovirusla əlaqədar karantin rejimində qalmışdır. Karantin müddətindən sonra İtaliya Respublikasında "PASSport Academy"-in ona bildirdiyi təqaüd üçün lazım olan sənədlərlə birlikdə yaxınlaşmışdır, həmin təşkilat cavabında ona bildirmişdir ki, o təqaüdü qazanmamışdır. Səbəb olaraq prosesslərin icraçı tərəfindən düzgün aparılmadığını qevd etmişdir. Belə ki, təqaüd qazanmaq üçün 3 mərhələ olmalıymış. Həmin mərhələlər, onlayn ərizənin cavabdeh tərəfindən doldurulması, doldurulmuş ərizənin çap olunması imzalanması və pasportun ksero surəti ilə 01 sentyabr 2020-ci il tarixə kimi, təqaüd verən quruma göndərməsi (poçtla və ya cavabdehin özü və ya nümayəndəsi vasitəsi ilə aparması) təqaüd üçün lazım olan sənədlərin əsli ilə həmin quruma çatdırılması ( poçtla və ya cavabdehin özü və ya nümayəndəsi vasitəsi ilə aparması) olmalı imiş. Amma Cavabdeh isə yalnız 1-ci mərhələni etməklə ona təqaüd qazanıldığı haqqında düzgün olmayan məlumat vermişdir, eyni zamanda cavabdeh bildirmişdir ki, həmin qurumun poçt ünvanı yoxdur, amma faktiki isə həmin qurumun poçt ünvanı vardır. Halbuki, 2-ci həlledici mərhələnin edilməməsinə görə onun adı nəinki, təqaüd qazanan qrafada, heç təqaüd qazanmaq üçün lazım olan konkursa belə düşməmişdir. Əgər təqaüd qazanmış olsa idi həmin qurum onun universitetdə illik təhsil haqqını və qidalanma və yataqxana xərclərini qarşılayacaqdır. Təqaüd olmadığı üçün universitet ondan öz hesabına təhsil haqqı ödəməyini tələb etmişdir. Belə olan halda isə onun həmin təhsil haqqını ödəməyə maddi imkanı çatmadığı üçün, qeydiyyatını tamamlaya bilməmişdir və nəticədə geri qayıtmaq məcbiriyyətində qalmışdır. Beləliklə onun İtaliya Respublikasına gediş gəliş üçün israf etdiyi xərclər aşağıdakı kimidir: Təyyarə biletləri gediş gəliş 1750 ( min yeddi yüz əlli) manat, qatar biletləri gediş-gəliş 52,00 EURO manatla 104,00 ( yüz dörd) manat, İtaliyada yataqxana ödənişi 280 Euro manatla 560,00 (beş yüz altmış manat, İtaliyada standart qidalanma xərci aylıq 300 EURO manatla 600 (altı yüz) manat, müqavilə üçün ödədiyi ödəniş 1050,00 ( bir min əlli) manat , sənədlər üçün ödədiyi 510 (beş yüz on ) manat, sığorta üçün ödədiyi xərclər 33,56 manat, sığorta üçün ( viza) 46,20 manat, Vizometrik rüsum 139,40 ( bir yüz otuz doqquz manat qırx qəpik) manat və 7 manat kserkopiya pulu, koronovirus testi 40,00 manat, koronovirus testi İtaliya 30 Euro manatla 60,00 (altmış) manat, cəmi 4900,16 (dörd min doqquz yüz manat 16 qəpik) manat. Bundan başqa orada qatarla Roma şəhərindən Macerata şəhərinə getmiş və qayıtmış hər dəfə də 30 Euro pul xərcləmişdir, o cümlədən təhsil sənədlərinin tərcümə təsdiq etdirmişdir və bütün bunlar ümumilikdə onun üzərinə 4900 manata başa gəlmişdir və nəticədə həmin məbləğdə maddi ziyanlıq çəkmişdir. Belə ki, cavabdehlə aralarında bağlanılmış müqavilənin 4.7-ci maddəsində qeyd edilir ki, "Sifarişçi"-nin qəbul və təqaüd müraciətləri müəyyən səbəbdən (İcraçı tərəfindən) alınmazsa ödənilmiş məbləğ ( 100% həcmində ) " Sifarişçiyə geri ödənilir və həmin müqavilənin 4.8-ci bəndində ödənilmiş məbləğin 1 (bir) həftə içində geri ödənilməsi göstərilmişdir). Aralarında olan narazılıqdan sonra cavabdeh müqavilədə olan 4.8-ci bəndi öz xətti ilə əlavə edərək öhdəlik daşımasını bilavaistə sübuta yetirmişdir). Amma bütün bu olanlardan sonra cavabdehlə telefonla danışmışdır və o da müxtəlif bəhanələr gətirməklə onu günahkar çıxarmağa çalışmışdır. Belə ki, hələ İtalyada olarkən cavabdeh onunla "whatsapp" yazışmalarında razılaşmışdır ki, sənədləşmələrdə səhv etmişdir artıq gecdir. Amma ona müəyyən iş təklifləri etdi ki, ona Polşa Respublikasında ofisant işi təklif etmişdir, o isə bu təkliflə razılaşmayaraq, ona dəyən ziyanın ödənilməsini tələb etmişdir. Sonra cavabdehdən xahiş etmişdir ki, universitetin illik təhsil xərcini ödəməyə köməklik etsin ki, o, ölkəyə qayıdıb onlayn təhsilini davam edə bilsin. Cavabdeh isə buna razılıq verməmiş, ona sadəcə olaraq müqavilə pulu olan 1050,00 manat pul ödəyə biləcəyini bildirmişdir. Bundan başqa bir neçə gün keçdikdən sonra cavabdeh whatsapp yazaraq qeyd etmişdir ki, 3000 ( üç min ) manat pul ödəyə bilər, bir şərtlə ki, «mənə video çəkiliş et bu sözləri ifadə etki, ( Mən İddiaçı " PASSport Academy" ilə İtaliyada təqaüdlü təhsil üçün müqavilə bağlayıb prosesə başladım, universitet qəbulunu və vizamı əldə etdim ancaq təqaüd müraciətində problem yarandığı üçün "PASSport Academy" ona çəkilən xərcləri tam şəkildə qarşılayacaqdır, hər hansı bir şikayətim yoxdur ).» Cavabdeh ona dəymiş zərəri ödəməkdən imtina etdiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə aralarında 01 dekabr 2019-cu il tarixdə təhsil xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış və müqavilənin şərtlərinə görə proses iki mərhələdən; iddiaçının İtaliya və digər respublikaların universitetlərində qəbulu və sənədləşmə işini həyata keçirmək, iddiaçının təqaüd almasını təmin etməkdən ibarət olmuşdur.İddiaçıya qəbul və təqaüd məsələləri ilə bağlı bütün məlumatlar verilmişdir. İddiaçı universitetə qəbul olunmuş lakin təqaüd alması üçün sənədləşmə işlərində promlem olduğu üçün təqaüd qazana bilməmişdir. Belə ki təqaüd alınması üçün sənədlər elektron qaydada sentyabr ayının birinədək, əl ilə isə 18 oktyabradək təqdim olunmalı idi. Lakin iddiaçı sənədlərini vaxtında aparıb təqdim etməmişdir.İddiaçı ilə aralarında olan müqavilənin müddətinin başa çatmasını və iddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçıya 1500 manat pul qaytarmasına ona görə razı olmuşdur ki, iddiaçı onu təhdid etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, cavabdehi əyani olaraq tanımır sosial şəbəkə vasitəsi ilə tanış olmuşdurlar. O, özü də xarici universitetdə təhsil alması üçün sənədlərini hazırlamış və əl ilə deyil poçt vasitəsi ilə göndərmişdir. Universitetə qəbul olmuş və təqaüd proqramını qazanmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 01.12.2019-cu il tarixli təhsil xidmətinin göstərilməsi haqqında müqavilədən görünür ki, (PASSport Academy)anın icraçı direktoru Cavabdeh ilə “sifarişçi” İddiaçı arasında təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə icraçı sifarişçinin İtaliya Universitetlərinə qəbul və təqaüd işini həyata keçirməyi, sifarişçi isə bunun müqabilində icraçıya 1200 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 24 iyul 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən sənədə apostil verilməsinə gərə 30 manat ödəniş etmişdir. 04 avqust 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 40 manat ödəniş edilmişdir. 01.09.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 manat ödəniş edilmişdir. 15 sentyabr 2020-ci il tarixli, ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən sənədə apostil verilməsinə görə 20 manat ödəniş etmişdir. 16 sentyabr 2020-ci il tarixli, vizanın rəsmiləşdirilməsinə zəruri olan sənədlərin hazırlanması üçün ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 139,40 manat ödəniş edilmişdir. 17.11.2020-ci il tarixli səyahət sığortası şəhadətnaməsindən görünür ki, iddiaçı tərəfindən sıgorta ödənişi üçün 23,10 EURO ödənilmişdir. 11.12.2020-ci il tarixli qatar biletlərindən görünür iddiaçı tərəfindən ümumilikdə 45,6 EURO ödənilmişdir. İşdə olan təyyarə biletindən görünür ki, iddiaçı tərəfindən 1750 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 01.12.2019-cu il tarixdə təhsil xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış, iddiaçı İtaliya universitetinə qəbul olunması və təqaüd alması məqsədi ilə həmin işlərin həyata keçirməsini cavabdehə sifariş etmiş, və bunun müqabilində cavabdehə 1050 manat pul ödəməişdir. Cavbdeh isə iddiaçının sifarişi üzrə sonuncunun İtaliya Universitetlərinə qəbul və təqaüd işini həyata keçirməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona dəyən zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin təqsiri nəticəsində ona 4930,16 manat zərər dəydiyini idda etsə də məhkəmə iclasında təqdim olunmuş sübutlarla 3746,8 manat müəyyən edilmişdir. (280 EUR yataqxana ödənişi iddiaçının deməsinə görə nəzərə alınmışdır). Cavabdeh tərəf isə iddia tələbinə qarşı öz etirazını onunla əsaslandırmışdır ki, iddiaçı universitetə qəbul olunmuş lakin təqaüd alınması üçün sənədləri iddiaçının özü 18 oktyabradək təqdim etməli olduğu halda vaxtında aparıb təqdim etməmişdir. Halbu ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci və 3.1.4-cü bəndlərinə görə cavabdeh iddiaçının sifarişi ilə universitetlərin qəbulu və sənədləşmə işlərini həyata keçirmək və sifarişçinin təqaüd almasını təmin etmək öhdəliyni öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-in 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh 3746,8 (üç min yeddi yüz qırx altı manat 80 qəpik) manat alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 3746,8 (üç min yeddi yüz qırx altı manat 80 qəpik) manat dəymiş zərər və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1494/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1494/2021
05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver