Məhkəmə qərarları › İş №2(043)-1520/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1520/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1520/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh baş həkiminə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh baş həkiminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, onkoloji xəstəxananın baş həkimi tərəfindən həyat yoldaşının sənədlərinin vaxtında qeydə alınmaması nəticəsində İİ əlil qrup kimi aldığı 233 manat müavinətin dayandırılması, xx.xx.2021-ci ildə onkoloji xəstəlikdən vəfat etməsi və üç aylıq müavinəti və dəfn pulunu ala bilmədiyi üçün ona dəymiş 1500 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Qanunun mənasına görə işdə iştirak edən şəxslərin adları dedikdə, onları adı, ata adı və soyadının göstərilməsi nəzərdə tutulmuşdur ki, işdə iştirak edən şəxsin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-cı maddəsində də qeyd olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdehin “adı”, “soyadı” və “ata adı” göstərilməmişdir ki, bununla da iddiaçı iddia ərizəsinin məzmunu ilə bağlı qanunvericiliyin tələbinə əməl etməmişdir. Bundan başqa iddia ərizəsində iddiaçının poçt ünvanı kimi “Gəncə şəhəri, Məhsəti qəsəbəsi 15-ci küçə” və cavabdehin poçt ünvanı kimi “Gəncə şəhəri Nərimanov prospekti” göstərilmişdir ki, həmin ünvanlar qeyri-müəyyən olduğundan tərəflərə məhkəmə bildirişinin çatdırılması mümkün deyildir. Poçt ünvanı elə bir şəkildə göstərilməlidir ki, xüsusi vasitələrdən istifadə edilmədən tərəflərin yaşadığı yeri müəyyən etmək, məhkəmə sənədlərini onlara çatdırmaq mümkün olmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh baş həkiminə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r: İddiaçı Cavabdeh baş həkiminə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar