Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1526/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 26.07.2012-ci il təvəllüdlü X2 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(044)-925/2018 saylı qətnaməsinə əsasən 26.07.2012-ci təvəllüdlü X1 üçün hər ay 130 manat alimentin cavabdehdən Cavabdeh sabit pul məbləğində alınıb ona verilməsi qət edilmişdir. O, hazırda maddi cəhətdən çətinlik çəkir və maddi vəziyyəti psləşmişdir. Cavabdeh könüllü ona əlavə yardım göstərmir. Boşanandan sonra cavabdehin maddi vəziyyəti daha da yaxşılaşmışdır. Belə ki, cavabdeh Goranboy rayonunda orta məktəbdə ingilis dili müəllimi işləyir. Cavabdehin uşağına yüksək məbləğdə aliment vermək imkanı vardır. Hazırda Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün qanunvericilikdə dəyişiklik edilmiş, alimentin miqdarı artırılmışdır. Lakin buna baxmayaraq, onun uşağı bundan bəhrələnmir. Ona görə də görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş 26.07.2012-ci il təvəllüdlü X3 xərcləri artdığından tək başına ödəməyə maddi imkanı çatmır. Belə ki, marketdə işləməklə aylıq 230 manat əmək haqqı alır. Uşaq 4-cü sinifdə oxuduğundan onu saxlamaqda çətinlik çəkir. Həmçinin, cavabdehin yüksək qazancı və gəlirləri var. Belə ki, cavabdeh müəllim işləməklə aylıq 660 manat əmək haqqı alır, o cümlədən uşaq hazırlaşdıraraq əlavə gəlir əldə edir. Ona görə də 26.07.2012-ci il təvəllüdlü X4 məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay 200 manat sabit pul məbləğində təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(044)-925/2018 saylı qətnaməsinə əsasən 26.07.2012-ci təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 130 manat alimentin ondan alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda Tovuz rayonunda ucqar dağ kəndində müəllim işləyir. Hər ay 650 manat əmək haqqı alır. Hər gün Gəncə şəhərində Tovuz rayonuna dərs deməyə getdiyindən əmək haqqının yarı hissəsini yola və qidalanmaya xərcləyir. Onun başqa gəlir yeri yoxdur. Odur ki, iddia tələbinin qismən təmin edilməsini və 26.07.2012-ci il təvəllüdlü X4 məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay 150 manat sabit pul məbləğində təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(044)-925/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri Nizami Rayon qeydiyyat şöbəsi tərəfindən 08.04.2012-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 26.07.2012-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması, 30 yanvar 2018-ci il tarixdən başlayaraq Cavabdeh oğlundan 26.07.2012-ci təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində alimentin alınıb İddiaçı verilməsi barədə qətnamə qət edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 23.04.2022-ci il tarixli, MŞG/1-01234 saylı arayışdan görünür ki, İddiaçı “alimentin artırılması” tələbinə dair mübahisə üzrə 5 iş günü əvvəlcədən telefon və poçt vasitəsilə məlumatlandırılan Cavabdeh 23.04.2022-ci il tarixdə, saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli, 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital bankdan alınmış 31 may 2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh Əmirhəməd oğlunun kart hesabına hər ay 665 manat mədaxil olur. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(044)-925/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri Nizami Rayon qeydiyyat şöbəsi tərəfindən 08.04.2012-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 26.07.2012-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması, 30 yanvar 2018-ci il tarixdən başlayaraq Cavabdeh oğlundan 26.07.2012-ci təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində alimentin alınıb İddiaçı verilməsi barədə qətnamə qət edilmişdir. Uşaq hazırda iddiaçının yanındadır. 26.07.2012-ci il təvəllüdlü X3 xərcləri artdığından iddiaçı tək başına ödəməyə maddi imkanı çatmır. Uşaq böyüdüyü və onun xərcləri artdığı üçün qət edilmiş cəmi 130 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçı Cavabdeh qızı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə olunmamış, iddiaçı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və cavabdeh işləyirlər. Cavabdehin aylıq gəliri 665 manat təşkil edir. Məhkəmə baxışında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etsə də cavabdehin aylıq 200 manat sabit pul məbləğində aliment ödəmək iqtidarında olmasını sübut edə bilməmişdir. Cavabdeh iddianı qismən qəbul edərək məhkəmə qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin artırılaraq 150 manat olmasına razılıq vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-cu il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin daimi olaraq yüksək qazanca sahib olması barədə sübutu məhkəməyə təqdim etməsə də, hazırda uşaq üçün müəyyən edilən 130 manat məbləğində alimentin 2018-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilməsi, həmin tarixdən 4 il vaxt keçməsi, uşağın 4-cü sinifdə oxuması və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin rəsmi nikahlarından doğulmuş 26 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(044)- 925/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 170 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 35 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 420 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(044)- 925/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 26 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1526/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1526/2022
07.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver