Məhkəmə qərarları › İş №2(043)-1554/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1554/2020

04.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1554/2020 04.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi ilə İddiaçı “xxxxxxx” X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxx” KB ASC məhkəməyə ərizə ilə müraciət edərək cavabdehdən 464,95 manat əsas borc, 47,58 manat faiz borcu, 2,1 manat cərimə borcu olmaqla, cəmi 514,63 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə, illik 35% ödəmək şərtilə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bank borcalana bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ona 464,95 manat əsas, 47,58 manat faiz, 2,1 manat cərimə olmaqla, cəmi 514,63 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx xxxx 2020-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxxxxx” KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 8745sGNDJ/19 nömrəli kredit müqaviləsindən görünür ki, bank müştəriyə ən çoxu 120 ay müddətinə, illik 35 % olmaq şərtilə 20000 (iyirmi min) manat krediti, kredit prosedurlarına görə 5% məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla borcverənə verə bilər. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə borcalan Cavabdeh 8745sGNDJ/19 saylı kredit müqaviləsi üzrə “xxxxxxx” KB ASC-yə olan borcu 464,95 manat əsas, 47,58 manat faiz, 2,1 manat cərimə olmaqla, cəmi 514,63 manat müəyyən edilir. İş materiallarından görünür ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 464,95 manat məbləğində əsas borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 35 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam həcmdə tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 8.3-cü bəndinə görə, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% cərimə tətbiq edir. Odur ki, 2,1 manat məbləğində hesablanmış cərimə borcu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 464,95 manat əsas borc, 47,58 manat faiz borcu, 2,1 manat cərimə borcu olmaqla, cəmi 514,63 manat (beş yüz on dörd manat, altmış üç qəpik) məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxx” X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar