Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-156/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı «evdən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun tanınması»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı oğlu X7 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, 1-mik., ev 8, 35 saylı mənzildən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını rəsmi olaraq xx.xx.2017-ci il tarixdə 2016 № ilə Gəncə “Asan xidmət” Qeydiyyat Şöbəsində qeyd etdirməklə evlənmişlər. Birgə yaşayış dövründə xx xxxxxx 2019-cu il tarixdə X7 adlı bir nəfər uşaqları anadan olmuşdur. O, Cavabdeh ilə evlənərkən mülkiyyət hüququ üzrə ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-mik., ev 8, 35 saylı mənzilə gəlin köçürülmüşdür. Həmin vaxtdan o, gəlin köçdüyü mənzildə yaşamış, uşağı da həmin evdə doğulmuşdur. Cavabdehin razılığı ilə o və uşağı həmin mənzilə pasport qeydiyyatına düşmüşlər. Hazırda cavabdeh ona rahat yaşamağa imkan vermir və hər dəfə qovacağı ilə hədələyir. Onun həmin evdən başqa yaşamağa evi, mənzili yoxdur. Odur ki, o, həmin evdən istifadə hüququ almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hal hazırda sözügedən mənzildə yaşamır, anası ilə birgə yaşayır. Tərəflər arasında nikahın pozulması barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)1366/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verildiyini və hazırda Gəncə Apelyasiya Məhkəməsinin icraatında baxıldığını bildirdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı qanunvericilikdə həmin mənzilə istifadə hüququna dair iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. İddiaçı ilə Cavabdeh arasında münasibətlər xx.xx.2017-ci il tarixdə yəni xx.xx.2009-cu ildən sonra yarandığından məhkəmə tərəfindən mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Həmin mənzil xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsusdur və birgə nikah dövründə əldə edilməmişdir. İddiaçı ilə Cavabdeh arasında olan ailə-nikah münasibətləri xx xxxxxx 2019-cu il tarixdə X7 adlı uşaqlarının dünyaya gəldiyi vaxtdan pozulmuş və tərəflər ayrı yaşamışlar və həmin vaxt Cavabdeh tərəfindən nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin İddiaçı nikahın pozulmasına razı olmadığından və tərəflərin nikahından doğulmuş bir uşağın bir yaşı tamam olmadığından iddia tələbinə məhkəmədə baxılmamışdır. Həmin vaxtdan hal-hazıradək tərəflər ayrı yaşamaqla faktiki ailə münasibətlərinə xitam vermişlər. Tərəflərin nikahından doğulmuş bir uşağın bir yaşı tamam olduqdan sonra Cavabdeh yenidən nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında olan nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)1366/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Odur ki, iş üzrə tərəflər arasında ailə və nikah münasibətlərinə faktiki olaraq 2019-cu ilin əvvəlindən xitam verildiyini və ayrı yaşadıqlarını, bu müddət ərzində tərəflər arasında barışıq əldə olunmadığını, Cavabdeh nikahın pozulmasında israrlı olmasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan AZ-İİ seriyalı, 229445 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2016 nömrə ilə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şahadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu ildə X7 anadan olmuşdur. Şəhadətnamədə uşağın atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiq olunmuş RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, bina 8, 35 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4128/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilmiş, iddiaçıya uşağın doğulmasından bir il sonra nikahın ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)1366/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2016 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında münasibətlər xx.xx.2017-ci il tarixdə yəni xx.xx.2009-cu ildən sonra yarandığından məhkəmə tərəfindən mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Mübahisəli mənzil xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyət hüququ ilə məxsusdur və birgə nikah dövründə əldə edilməmişdir. İddiaçı ilə Cavabdeh arasında olan ailə-nikah münasibətləri xx xxxxxx 2019-cu il tarixdə X7 adlı uşaqlarının dünyaya gəldiyi vaxtdan faktiki pozulmuş, tərəflər həmin vaxtdan hal-hazıradək ayrı yaşamaqla birgə təsərrüfat idarə etməmişlər. Cavabdeh tərəfindən nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin İddiaçı nikahın pozulmasına razı olmadığından və tərəflərin nikahından doğulmuş bir uşağın bir yaşı tamam olmadığından iddia tələbinə məhkəmədə baxılmamışdır. Tərəflərin nikahından doğulmuş bir uşağın bir yaşı tamam olduqdan sonra Cavabdeh yenidən nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında olan nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)1366/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikahın pozulması barədə qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və hazırda iddiaçı sözügedən mənzildə deyil, uzun müddətdir anasına məxsus mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 2.2. və 2.3-cü maddələrinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 3.0.2.-ci maddəsinə əsasən ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması bu Məcəllənin vəzifəsidir. Həmin Məcəllənin 20.1. və 20.2.-ci maddələrinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini, ailə qanunvericiliyini və onun əsaslarını, işin faktiki halını nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında olan ailə-nikah münasibətləri xx xxxxxx 2019-cu il tarixdə X7 adlı uşaqlarının dünyaya gəldiyi vaxtdan faktiki olaraq pozulmuş, tərəflər həmin vaxtdan halhazıradək ayrı yaşamaqla birgə təsərrüfat idarə etməmiş, birgə sözügedən mənzildə yaşamamış, İddiaçı həmin mənzildə deyil anasına məxsus mənzildə yaşamış, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri itirilmiş, məhkəmə qətnaməsi çıxarılanadək tərəflər faktiki olaraq ailə münasibətlərinə xitam vermişlər və bundan sonra nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı ilə Cavabdeh ailə münasibətlərinə xitam verildiyindən və keçmiş ailə üzvü hesab olunduğundan qeyd edilən həmin yaşayış sahəsindən istifadə hüququnu saxlamamışdır. Nikahın pozulması barədə qətnamədən apelyasiya şikayəti verilməsi və qanuni qüvvəsini almaması ilə bağlı məhkəmə qeyd edir ki, keçən bu müddət ərzində tərəflərin nikah-ailə münasibətləri bərpa olunmamış, tərəflər faktiki olaraq ailə münasibətlərinə xitam vermiş, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edilərək məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, hazırda da Cavabdeh nikahın pozulmasında israrlıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən iddiaçının Gəncə şəhəri, Kəpəz rayonu, 1-mik., ev 8, mənzil 35-ə istifadə hüququ saxlanmamışdır, onun bu mənzilə istifadə hüququnun tanınmasına dair iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh qarşı «evdən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində X12 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-156/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-156/2020
10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver