Məhkəmə qərarları › İş №2(043)-1567/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1567/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1567/2021 19.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat pulun, həmin məbləğ üçün bir il ərzində beş faiz olaraq 320 manat faizin, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3670 (üç min altı yüz yetmiş) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehi 2019-cu ildə qonşusu Mansur adlı şəxs vasitəsilə tanımışdır. Cavabdeh bir neçə dəfə iddiaçıdan borc pul alıb vaxtında qaytararaq, onun etibarını qazanmışdır. Lakin daha sonra işi üçün lazım olduğunu bildirərək, aldığı 2200 manat pulu və 2019-cu ilin noyabr ayında anası xəstə olduğu üçün aldığı 1000 manat pulu iddiaçıya qaytarmamışdır. Onun şikayəti əsasında bununla bağlı müvafiq polis bölməsində cavabdehin izahatı alınmışdır. O, izahatında aldığı pulu qaytardığını qeyd etsə də bununla bağlı subut təqdim etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ona müraciət edərək lazer epilyasiya aparatı almaq üçün ondan 2200 manat pul lazım olduğunu bildirərək həmin aparatın şərikli işlədərək pul qazanacaqları adı altında almış, sonra isə anasının xəstə olmasını bəhanə gətirərək ondan 1000 manat pul almışdır. Lakin onun etibarından istifadə edərək aldığı 3200 manat pulu qaytarmamışdır. Ona görə də cavabdehin ondan aldığı 3200 manatın, həmin məbləğ üçün bir il ərzində beş faiz miqdarında vəsaitin, habelə ödənilmiş dövlət rüsümunun da alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəli iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıdan 3000 manat sələmə pul almış, hər həftəyə 500 manat pul ödəmiş, beləliklə iddiaçıya 5000-6000 manat pul qaytarmışdır. Onun hazırda iddaçıya heç bir borcu qalmamışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Cavabdeh Abşeron RPİ-nin Mehdiabad BP-nə verdiyi izahatından görünür ki, o, İddiaçı ilə iki-üç əvvəl Mansur adlı şəxsin vasitəsilə tanış olmuş, müxtəlif vaxtlarda ondan 3000 manat faizlə ondan pul almışdır. Həmin pulun müqabilində İddiaçı hər həftə 500 manat olamqla 5000-6000 manat pul ödəmişdir. Pulu tam olaraq ödəmiş, onun ərizəçiyə borcu qalmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı borc pul almışdır. İddiaçı həmin borc məbləğinin 3200 manat olduğunu iddia etmiş, cavabdeh isə iddiaçıdan 3000 manat aldığını, lakin həftəyə 500 manat olaraq 5000-6000 manat qaytardığını, onun iddiaçıya borcunun olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavadeh Cavabdeh İddiaçı 3000 manat borc alması cavabdehin özünün izahatları ilə də təsdiq edilir. İddiaçı borc məbləğinin 3200 manat olmasını, cavabdehin isə aldığı borcu qaytarmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasından bəhs etmək mümkün deyildir və mübahisəyə mülki qanunvericiliyin şifahi borc müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddianın borc məbləğinin gecikdirilməsi üçün illik beş faiz ödənilməsi hissəsinin təmin edilməsini mümkün hesab etmir. Belə ki, borc məbləğinin müəyyən edilmiş vaxtda qaytarılmamasına görə faizin hesablanması barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılığın olmasını təsdiq edəcək sübut iş materialların mövcud deyildir və bu hal məhkəmə iclasında müəyyən edilməmiş, tərəflər arasında olan razılıqda borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində borc pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul və məhkəmə xərci qismində 30 (otuz manat) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar