Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1631/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tofiq oğlunun cavabdehlər “xxxx” ASC və Cavabdeh1 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Tofiq oğlu cavabdeh “xxxx” ASC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus avtomobilə çəkilmiş 3365 manat pul, taksidən istifadəyə görə 500 manat, digər xərclərə isə 500 manat, vəkilə ödənilmiş 500 manat, həmçinin mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 14865 manat məbləğində pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21.09.2019-cu il tarixdə saat 19:30 radələrində Qəmərli küçəsi ilə hərəkətdə olan “İsuzu Boğdan” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobus Əziz Əliyev küçəsinə sfetoforun qırmızı işığında daxil olaraq ona məxsus “Toyota Prado” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ orta hissəsindən toqquşmuşdur. Toqquşmadan dərhal sonra hadisə yerinə Gəncə şəhəri YPŞnin əməkdaşları gəlmiş və müvafiq araşdırma aparmışdır. Aparılmış təhqiqat nəticəsində Cavabdeh1 qayda pozuntusu törətməsi faktı öz əksini tapmış və onun barəsində müvafiq protokol tərtib edilmişdir. Qəza nəticəsində ona məxsus avtomaşına 3365 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə görə sığortaedən “xxxx” ASC dəymiş ziyanı ödəməli və yaxud dəymiş ziyanın aradan qaldırılması ilə bağlı müvafiq tədbir görməli idi. Lakin, “xxxx” ASC-nin əməkdaşları hadisə yerinə baxış keçirməsinə və sənədləşdirilmə aparmasına baxmayaraq, bu günə kimi nə dəymiş ziyanın ödənilməsini, nə də ki dəymiş ziyanın aradan qaldırılması ilə bağlı bir təşəbbüs göstərməmiş, əksinə dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdeh “xxxx” ASC-nin əməkdaşları hadisə yerinə baxış keçirmiş, müvafiq sənədləşdirilmə aparmış, lakin qanunun tələbinə uyğun olaraq 7 iş günündən gec olmayaraq sığorta ödənişinin ödənilməsini təmin etməmiş və yaxud ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməmişdir. İddia ərizəsinə əlavə olan onun cavabdeh “xxxx” ASC ilə elektron yazışmalardan və eləcə də həmin təşkilata təqdim etdiyi ərizədən aydın görünür ki, cavabdeh “xxxx” ASC heç bir əsas olmadan müxtəlif bəhanələrlə süründürməçiliyə yol vermiş və qanunun tələblərinin pozulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Məhz cavabdehlərin ona dəymiş ziyanın ödənilməməsi səbəbindən ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Sözü gedən hadisədən sonra təxminən 6 aydan çox müddət sığorta ödənişinin ödəniləcəyi ümidi ilə gözləməli olmuş və bu müddətdən sonra hər iki cavabdehin heç bir qanuni addım atmayacağını hiss etmişdir. Bu səbəbdən də avtomaşını öz vəsaiti hesabına təmir etdirmək məcburiyyətində qalmışdır. Bu müddət ərzində avtomaşının təmirinə 3365 manat, taksidən istifadəyə 500 manat, digər xərclərə isə 500 manatdan çox vəsait sərf etmişdir. Hazırda da iddia ərizəsinin hazırlanması, məhkəmədə hüququ yardımın göstərilməsi ilə bağlı vəkilə 500 manat vəsait ödəmişdir. Bundan başqa hesab edir ki, maddi ziyanla yanaşı həm də ona cavabdehlər 10000 manat mənəvi ziyan vurmuşlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsində iddiaçının da təqsiri olmuşdur. Belə ki, iddiaçı avtomobili işıqforun qırmızı işığında keçdikdən sonra hadisə baş vermişdir. Buna baxmayaraq, iddiaçının barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş, baş vermiş hadisədə Cavabdeh1 təqsirli bilinmişdir. Cavabdeh sığorta şirkəti bu vəziyyətlə razılaşmadığından sığorta ödənişi ödənilməmişdir. nin ödənilməsi bu vaxta qədər gecikdirilmişdir. Sığorta şirkəti bu hadisə ilə bağlı müvafiq qurumlara müraciət etmiş, lakin bu vaxta qədər məsələ öz həllini tapmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, “xxxx” ASC-yə qarşı olan hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «xxxx» ASC ilə «xxxx» ASC arasında 28.11.2018-ci ildə PAA********** nömrəli icbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən «xxxx» ASC-yə məxsus **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 28.11.2019-cu il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan AB seriyalı, 751017 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prado» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan, yolnəqliyyat hadisəsinin sxemindən, X4 və Cavabdeh1 Gəncə şəhər BPİ-nin DYPŞ-nə verdikləri izahatlardan görünür ki, “Toyota Prado” markalı, 20DA919 dövlət qeydiyyat nişanlı avtomobil ilə “xxxx” ASC-yə məxsus olan və yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə olunan “İsuzu Bogdan” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.09.2019-cu il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri, Ə.Əliyev prospektində toqquşmuşdur. İş materiallarında olan 28.09.2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “İsuzu Bogdan” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 həmin yol-nəqliyyat hadisəsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 60 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Hyundai Gəncə” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Toyota Prado» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 3365 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı Tofiq oğlu «xxxx» ASC-yə müxtəlif vaxtlarda yazılı ərizə və elektron poçt vasitəsilə sığorta hadisəsi zamanı onun avtomaşınına dəymiş zərərin ödənilməsi üçün müraciətlər etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı Tofiq oğluna məxsus «Toyota Prado» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “xxxx” ASC-yə məxsus olan və yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə olunan “İsuzu Bogdan” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.09.2019-cu il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri, Ə.Əliyev prospektində toqquşmuş və nəticədə iddiaçıya məxsus avtomobilə 3365 manat dəyərində zərər dəymişdir. Baş vermiş hadisəyə görə Cavabdeh1 təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisəni törətmiş “İsuzu Bogdan” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 mülki məsuliyyəti cavabdeh «xxxx» ASC tərəfindən icbari qaydada sığortalanmasına baxmayaraq, hadisə zamanı dəymiş ziyan «xxxx» ASC tərəfindən ödənilməmişdir. İddiaçının dəfələrlə müraciətləri nəticəsiz qaldığından, o, öz vəsaiti hesabına avtomobilinə dəymiş zərəri bərpa etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, sığorta hadisəsi zamanı avtomobilinə dəymiş maddi zərərin əvəzinin, çəkdiyi xərclərin, eyni zamanda dəymiş mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun: 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: - hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; - sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; - sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; - sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; - bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, baş vermiş sığorta hadisəsi zamanı təqsiri olan Cavabdeh1 mülki məsuliyyəti icbari sığorta müqaviləsi əsasında sığorta olunduğundan və icbari sığorta müqaviləsi üzrə sığorta ödənişi verilməməsinin əsasını yaradan heç bir hal müəyyən edilmədiyindən hadisə zamanı İddiaçı avtomobilinə dəymiş zərər cavabdeh «xxxx» ASC tərəfindən ödənilməli idi. Lakin, «xxxx» ASC tərəfindən icbari sığorta müqaviləsinin şərtləri pozulmuş və əsassız olaraq sığorta ödənişi ödənilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törədilmiş olsa da, onun mülki məsuliyyəti icbari qaydada sığorta olunduğundan o, iddiaçının avtomobilinə dəymiş zərərə görə mülki məsuliyyətə cəlb edilə bilməz. Odur ki, iddiaçının avtomobilinə çəkilmiş xərcin əvəzi yalnız cavabdeh «xxxx» ASC-dən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın taksilərdən istifadə etdiyinə görə ödənilmiş 500 manat pulun, digər xərclərə görə 500 manat pulun, vəkilə ödənilmiş 500 pulun və dəymiş mənəvi zərərə görə 10000 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı avtomobilinə zərər dəyməsi nəticəsində taksi xidmətindən istifadə etdiyinə görə 500 manat, digər xərclər kimi 500 manat pul xərcləməsini, vəkilə xidmətinə görə 500 manat verməsini bildirsə də, məhkəməyə onun həqiqətən də qeyd etdiyi məbləğlərdə pul xərcləməsini və baş vermiş hadisə ilə əlaqədar mənəvi zərərə məruz qalmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi cavabdeh «xxxx» ASC-dən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. «xxxx» ASC-dən 3365 (üç min üç yüz altmış beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat pul alınaraq İddiaçı Tofiq oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1631/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1631/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver