Məhkəmə qərarları › İş №2(043)-164/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-164/2022

02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-164/2022 02.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2983 (iki min doqquz yüz səksən üç) manat tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 15 may 2021-ci il tarixdə saat 21:00 radələrində Gəncə şəhəri Nərimanov prospektində yerləşən Reklam şirkətinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində o, xəsarət almışdır. Belə ki, hadisəni törədən Gəncə şəhəri, Kəpəz rayonu V.Xuluflu küçəsi ev-2, mənzi-59 da yaşayan 05.01.1984-cü il təvəllüdlü Cavabdeh oğlu “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Opel-Vita” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin prospektdə yolun sağ kənarında onun dayanıqlı vəziyyətdə olan “Hyundai-Acsent” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yüksək sürətlə çırparaq ona xeyli məbləğdə ziyan vurmuşdur. Zərbənin təsirindən o, sükan arxasından arxa oturacağa düşmüş, ətrafdakı insanların köməyi ilə əzilmiş və kilidlənmiş arxa qapını bir təhər açaraq onu düşürtmüşlər, əl-üzünə su vuraraq onu ayıltmışlar. Alnı sıyrılmış və qanamışdır, bədənin sağ tərəfi sağ baldırım göyərmiş, qançırlanmış, sağ çiynim iri həcmli şişmişdir, barmağını tərpədə bilməmişdir. Bir təhər ayağını sürüyə-sürüyə “Opel-Vita” markalı avtomaşına yaxınlaşmışdır ki, sürücünün kimliyi ilə maraqlansın, lakin sürücünü görməmiş, hay-küydə sürücünü tapa bilməmişdir. Az sonra hadisə yerinə YPX-nin əməkdaşları və “Azsığorta” hərəkətin qəza komissarı da cəlb olunmuş və təqribən 3-4 saat hadisə yerində olmuş, qeydiyyatlı şəxslər hadisənin qeydiyyatını aparmışlar, avtomobillər evakuatorlarla götürülmüş və onu da YPX əməkdaşı qanuna müvafiq olaraq sərxoşluqdan keçirtmiş və Gəncə şəhəri 3 nömrəli xəstəxanaya gətirərək həkim müayinəsindən keçirtmişlər. Bu vaxt ərzində sürücü Cavabdeh ortalığa çıxmamışdır. Hadisədən təqribən 4 gün sonra hadisə yerindən bilərəkdən yayınan Cavabdeh yaxın qohumu özünü Vüsalın xalası oğlu kimi təqdim edən və dediyinə görə Bank Respublikada çalışan Əfqan adlı şəxs yanında da tanımadığı orta boylu, dolu bədənli 22-30 yaşlarında olan bir nəfərlə onun iş yerinə gələrək Vüsalın adından ondan üzrxahlıq etmiş, ona şikayətçi olmamağını xahiş etmiş və son olaraq bildirmişdir ki, Vüsal bərk qorxub, ortaya çıxa bilmir bir şəhər adamı kimi kişi sözü verir ki, Vüsal özünə gəlsin ona vurduğu ziyanı tam ödəyəcək və heç bir narahatçılıq olmayacaq, bircə o şikayətçi olmasın. Ancaq ki, çox təəssüflər olsun ki bu verilən kişi sözü və danışıq bu günə kimi yerinə yetirilməmişdir. Baş vermiş hadisədə o çox ciddi xəsarət almış, başın əzniyi, hemotoması, alın və üzün sıyrıqları, qanaması, çiyin oynağının əzniyi, şişkinliyi, sağ baldırın qançırlanmış və şişkin xəsarətləri ilə Gəncə TTY xəstəxanasına daxil olmuşdur. Hazırki vaxta kimi sağ çiyin oynağı şişkin vəziyyətdədir, qolunu əvvəlki kimi tərpədə bilmir, əlinə azacıq yük ala bilmir, qolu saxlamır, çiyni travmalıdır (əməliyyat olunmalıdır). Avtomobilində yararsız hala düşmüşdür, 15 may 2021ci ildən avqust ayına kimi bütün xərclərinu özü çəkmiş və bütün çəkdiyi xərclər daxil ümumilikdə (avtomobilə dəymiş ziyandan sonra) ona 2983 (iki min doqquz yüz səksən üç) manat maddi ziyan dəymişdir. Həmin vaxtdan da bu günə kimi nə Vüsal və nə də Əfqan onunla maraqlanmamış, ərini qarşılamamış və ona vurduğu maddi ziyanı ödəməmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək, həmin məzmunda izahat verərək bildirdi ki, baş vermiş yol-nəqliyyat qəzası nəticəsində 2983 manat xərc çəkmişdir. Həmin xərclərə tibbi, yol və digər xərclər daxildir. Lakin, çəkilmiş xərcləri nəğd qaydada ödədiyi üçün buna dair hər hansı bir ödəniş qəbzi və ya sübutu yoxdur. Əlavə olaraq qeyd edir ki, Cavabdeh hadisədən sonra, yəni məhkəmədən kənar ona dəymiş zərərdən 200 manat məbləğində ödəniş etmişdir. Odur ki, cavabdeh tərəfindən edilmiş ödənişin ümumi iddia tələbindən çıxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, iddiaçı X1 ona qarşı olan iddia tələbini qismən qəbul edir. Belə ki, törətmiş olduğu avto qəza hadisəsi nəticəsində iddiaçıya 750 manat məbləğində zərər vurmuşdur. Həmin zərərdən məhkəməyə qədər dövr ərzində 200 manat ödəniş etmişdir. Qalan 550 manatını isə hissə-hissə ödəyəcəyinə söz verir və məhkəmə araşdırılmasının yekunlaşdırılmasını istəyir. Odur ki, qanun tələblərinə uyğun olaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materialların əlavə olunmuş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 18.05.2021-ci il tarixli, 723 nömrəli rəyin surətindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bazu oynağı nahiyəsinin yumşaq toxumalarının həmin oynaqda hərəkət məhdudluğu ilə müşahidə olunan hematoma halında əzilməsi, təpə nahiyəsinin qançırı-şişkinliyi, sağ baldır nahiyəsinin qançırı, alın nahiyəsinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 15.05.2021-ci il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid edilirlər. İş materialların əlavə olunmuş fotoşəkillərdən görünür ki, “Hyundai-Acsent” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin arxa hissəsi yararsız hala düşmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 15 may 2021-ci il tarixdə saat 21:00 radələrində Gəncə şəhəri Nərimanov prospektində yerləşən Reklam şirkətinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Opel-Vita” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsus “Hyundai-Acsent” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Hyundai-Acsent” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi yararsız hala düşmüşdür. Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı X5 məhkəmə iclasında məhkəmədən kənar cavabdeh ona dəymiş zərərdən 200 manat məbləğində ödəniş etdiyini bildirərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbinin qismən qəbul etdiyini, iddiaçıya 750 manat məbləğində zərər vurduğunu, məhkəməyə qədər iddiaçıya 200 manat məbləğində ödəniş etdiyini və 550 manat məbləğində zərərin hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı X5 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş zərər və çəkdiyi digər xərclər barədə qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməli və cavabdehin iddia tələbini qəbul etdiyi hissədə iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul alınaraq iddiaçı X2 verilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbi qalan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 10 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 10 (on) manatı tutularaq, iddiaçı X2 ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar