Məhkəmə qərarları › İş №2(043)-1715/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1715/2022

23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1715/2022 23.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməklə, cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2017ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Nazlı adlı uşaqları anadan olmuşdur. Belə ki, cavabdehlə ailə qurduqdan sonra bir müddət normal yaşasalar da sonradan aralarında baş verən narazılıqlar səbəbindən ayrılmışlar. Belə ki, aralarında olan nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaq onun yanında saxlanılmış və birgə nikahlarından anadan olmuş uşaqları Nazlının yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hazırda uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də 160 manat müəyyən edilən aliment pulu uşağının saxlanma tələbatını ödəmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV 046496 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Nazlı adlı uşaqları anadan olmuşdur; Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-269/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli, MŞG/1-01599 saylı ilkin mediyasiyadan sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediyasiya sessiyasından sonra mediyasiya prosesini davam etdirmək barədə qərar qəbul etməmişlər. X2 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 20 manat, Cavabdeh 30 manat məbləğində mediyasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-269/2020 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş 160 manat məbləğində aliment azyaşlı uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh 160 manat alimentdən başqa uşağın saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-269/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X5» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-269/2020 nömrəli qətnaməsi əsasında tutulan 160 manat alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar