Məhkəmə qərarları › İş №2(043)-1733/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1733/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1733/2022 20.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli,GN2K5662172 müqaviləsinə əsasən məişət avadanlığı üçün 240 manat ödənilməmiş hissə, 1656 manat cərimə; xx.xx.2019-cu il tarixli, GN2K546906 müqaviləsinə əsasən, məişət avadanlığı üçün 235 manat ödənilməmiş hissə, 150 manat cərimə pulu olmaqla, ümumilikdə 625 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçıMMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, məişət avadanlığı almış və nəticədə 625 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 757 manat (12 ay x 60 manat + 37 manat ilkin ödəniş) məişət avadanlığı üçün ümumilikdə, 757 manat olmaqla ondan, 240 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1656 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 719 manat (15 ay x 47 manat + 14 manat ilkin ödəniş) məişət avadanlığı üçün ümumilikdə, 719 manat olmaqla ondan, 235 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 150 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin hər iki müqavilə üçün cəmi ödədiyi məbləğ isə 1001 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli müqavilələrdən görünür ki, İddiaçı MMC alıcıya dəyəri 757 manat olan məişət avadanlığı, dəyəri 719 manat olan məişət avadanlığının dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar məişət avadanlığı üçün hər ay 60 manat və 47 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli İddiaçı MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC-dən məişət avadanlığı üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 757 manat olan mal almış, əsas borc məbləğindən 240 manat borcunu ödəmədiyindən, həmin məbləğə 1656 manat cərimə hesablanmış; həmçinin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC-dən məişət avadanlığı üçün 15 ay müddətinə ödəmək şərti ilə dəyəri 719 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 235 manat borcunu ödəmədiyindən, həmin məbləğə 150 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçıMMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən məişət avadanlığı 757 manata almış, həmin məbləğdən 517 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 240 manat əsas borcu qalmış, qalıq borca 1656 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən məişət avadanlığı 719 manata almış, həmin məbləğdən 484 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun İddiaçı MMC-nə 235 manat əsas borcu qalmış, qalıq borca 150 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki,hər iki müqavilə üçün hesablanmış 281 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 27 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh məişət avadanlığı üçün 240 manat ödənilməmiş hissə, 16 manat cərimə, digər avadanlıq üçün 235 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, ümumilikdə 496 manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. İddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 240 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 235 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 496 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 526 (beş yüz iyirmi altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar