Məhkəmə qərarları › İş №2(043)-1741/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1741/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1741/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1920 (bir min doqquz yüz iyirmi) manat pulun, bank uçot dərəcəsinə uyğun olaraq həmin vəsaitin məbləğindən faizlərin, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçıiddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlər tərəfindən 460 manat ödəniş edildiyini və 1460 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olur. 20.11.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona yaxınlaşaraq 2700 manat satışda olan İphone 11 pro max modelini almaq istədiklərini lakin pulunun bir hissəsini 1920 manatı hissə-hissə ödəyəcəklərini bildirmişdirlər. Onlara inanaraq öz xətləri ilə kimliklərini surətinə özləri qeyd aparmaqla imza qoymaqla təsdiqləyib onlara telefonu vermişdir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq cavabdehlər bu günə kimi ona olan borclarını ödəmirlər Bununla əlaqədar dəfələrlə cavabdehlərə müraciət etmiş və bildirmişdir ki, onun pulunu qaytarsınlar. Lakin onlar hər dəfə müxtəlif bəhanələr tapıb ona ödəniş etməyiblər. Buna görə də, bu barədə məhkəməyə iddia tələbi ilə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, Cavabdeh1 isə qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmadığından məhkəmə onun sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci və 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE******** serialı və AZE******** seriyalı şəxsiyyət vəsiqələrinin surətlərində qeyd olunmuş qəbzdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan 12 ay müddətinə hər ay 160 manat ödəməklə ümumi dəyəri 1920 manat olan İphone 11 pro max markalı telefonu almışlar. Məhkəmə iddiaçının izahatını dinləyib tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərək əti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər öhdəliyi vaxtında icra etmədikləri üçün borcları yaranmışdır. Belə olan halda 1460 (bir min dörd yüz altmış) manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1460 (bir min dörd yüz altmış) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar