Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-175/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10380 (on min üç yüz səksən) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslanıdırmışdır ki, o, Füzuli rayonundan məcburi köçkün kimi Şirvan şəhərində məskunlaşmışdır.2019-cu ilin oktyabr ayında yaxın qohumunun yas mərasimimin 40 günündə qudası Həcərin qaynı Fərhad Abbasov bir nəfərlə yas mərasiminə gəlmişdir. Yas mərasimindən 5-6 gün keçəndən sonra Fərhad yenə də həmin şəxslə qudası Həcərin evinə qonaq gəlmişdir. Onlar həmin şəxsi onunla tanış edərək həmin şəxsin Rəfayıl Əkbərov olduğunu söyləmişdir. Həmin dövrdə oğlunu DİO-da işə düzəltmək istədiyini bildirmişdir. Bu barədə Rəfayıl ona köməklik göstərəcəyini söyləmişdir. Rəfayıl bunu pul qarşılığında edə biləcəyini söyləmişdir. 22.10.2019-cu il tarixdə ona bankdakı hesabından 2000 manat, 23.10.2019-cu il tarixdə 1480 manat pul göndərmişdir. 01.11.2019-cu il tarixdə cavabdeh onun yaşadığı ünvana gələrək 4000 manat pul istəmişdir, həmin pulu ailə üzvlərinin yanında vermişdir. Sonradan cavabdeh yenə də pul istəməyə başlamışdır. 20.11.2019-cu il tarixdə 600 manat, 25.11.2019-cu il tarixdə 1000 manat 25.02.2020-ci il tarixdə 500 manat, 07.03.2020-ci il tarixdə 100 manat, 02.03.2020-ci il tarixdə 700 manat pul köçürtmüşdür. Onun oğlunu işə düzəltmək üçün ondan hissə hissə aldığı pul cəmi 10380 manat olmuşdur. Pulları verdikdən 5 ay keçəndən sonra o görmüşdür ki, cavabdeh onun üçün heç bir iş görməmiş, onu aldadaraq etibarından sui-istifadə edərək 10380 manat pul almışdır. Və pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-27.12.2021-ci il tarixdə təsdiq olunmuş pul köçürmələri haqqında qəbzlərin surətlərindən görünür ki, X4 tərəfindən X2 hesabına 25.11.2019-cu il tarixdə 1000 manat, İddiaçı tərəfindən X2 hesabına 17.09.2020-ci il tarixdə 700 manat, 500 manat,100 manat pul köçürmüşdür. İddiaçı iddia etmişdir ki, cavabdeh onun oğlunu DİO-da işə düzəltməsi məqsədi ilə etibarından sui-istifadə edərək onadan müxtəlif vaxtlarda 10380 manat pul alaraq geri qaytarmamışdır. Lakin iddiaçı cavabdehin təqsirli hərəkətləri ilə bağlı istintaq orqanına müraciət etməsi və bunun nəticəsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı iddiaçı cavabdehə verdiyi pulun 10380 manat məbləğində olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Təqdim edilmiş pul köçürmələri barədə qəbzlərdən müəyyən olunur ki, iddiasçının adından cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 2300 manat pul köçürülmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdeh X1 2300 (iki min üç yüz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 43 (qırx üç) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 2300 (iki min üç yüz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməmiş 43 (qırx üç) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-175/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-175/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver