Məhkəmə qərarları › İş №2(043)-1789/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1789/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1789/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 284,7 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 37,4 manat, cəmi 322,1 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gəncə filialı ilə X4 arasında bağlanmış 4-13.01.2015-SM41 nömrəli 13.01.2015-ci il arixli kredit müqaviləsinə əsasən X3 illik 22 faizlə 36 ay müddətinə 4560 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə həm Cavabdeh1 və həm də Cavabdeh2 arasında 13.01.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtinə əsasən zaminlər borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. X1 24.04.2018-ci il tarixdə vəfat etmişdir. Zaminlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 4-13.01.2015-SM41 nömrəli 13.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12.01.2021-ci il tarixinə cavabdeh X2 əsas borc üzrə 284,7 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 37,4 manat, cəmi 322,1 manat borcu mövcuddur. İş materiallarında olan “xxxx” ASC (borcverən) ilə X4 (borcalan) arasında olan 13.01.2015-ci il tarixli 4-13.01.2015-SM41 saylı kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 4560 manat məbləğində kredit verilmişdir. Lakin, həmin müqavilə borcverən tərəfindən imzalanmamışdır. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında olan 13.01.2015-ci il tarixli 4-13.01.2015-SM41 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər bank ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icra edilməməsinə görə onunla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Lakin, həmin müqavilə bank tərəfindən imzalanmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24.04.2018-ci ildə Gəncə şəhərində ölmüşdür. İddia ərizəsinə əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin “xxxx” ASCyə 284,7 manat əsas; illik 5 faiz hesablanmaqla 37,4 manat faiz; cəmi 322,1 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsası kimi təqdim etdiyi “xxxx” ASC ilə X4 arasında olan 13.01.2015-ci il tarixli kredit müqaviləsi, eləcə də Bank ilə zaminlər arasında olan zaminlik müqavilələri “xxxx” ASC tərəfindən imzalanmamışdır ki, bu cür sənəd mülki qanunvericiliyin tələbləri baxımından müqavilə kimi qəbul edilə bilməz və cavabdehlərin iddiaçı qarşısında öhdəliyinin olmasının əsası kimi çıxış edə bilməz. Odur ki, tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada zaminlik müqavilərinin bağlanması və bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında zaminlik müqaviləsindən irəli gələn öhdəliklərinin yaranması müəyyən olunmadığından iddia rədd edilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, kredit və zaminlik müqavilələri Bank tərəfindən imzalanmış olsaydı belə yenə də iddia tələbi təmin edilə bilməzdi. Belə ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditverən (iddiaçı) zaminlərə (cavabdehlərə) qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 13.01.2018-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminin öhdəliyinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar