Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-179/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim- Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Gəncə şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər Probasiya Şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 3 ədəd ev siqnal ötürücülərini itirdiyinə görə vurulmuş 324,96 (üç yüz iyirmi dörd manat, doxsan altı qəpik) manat məbləğində ziyanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ondan tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh Tərtər rayon Məhkəməsinin 1(061)-76/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu müddət nəzərə alınmaqla üzərində 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə cavabdehin yaşadığı ünvana 2 ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbağ bağlanmışdır. Həmçinin, cavabdehə 1 ədəd mobil nəzarət qurğusu, onun adapteri, 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri, həmin vasitələri itirəcəyi, zədələcəyi və yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin cavabdehdən tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh cəzasının azadlıqdan məhumetmə növündə cəza ilə dəyişdirilməsi ilə bağlı məhkəmə iclasından sonra elektron nəzarət vasitələri təhvil alınarkən cavabdeh 3 ədəd ev siqnal ötürücülərinin qardaşının evində olduğunu söyləmiş, sonucunun qardaşı Saməddin Hüseynovla əlaqə saxladıqda isə ev siqnal ötürücülərinin onun evində olmadığını bildirmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə, ev siqnal ötürücüsünün bir ədədinin dəyəri 108,32 manat təşkil edir. Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği ümumilikdə 324,96 manat təşkil edir. Cavabdeh maddi ziyanı könüllü olaraq ödəmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbini qəbul edərək bildirdi ki, sözügedən 3 ədəd ev siqnal ötürücülərini həqiqətən də itirmişdir. Belə ki, o, ötürücülərin hər üçünü də yaşadığı mənzildə harasa qoymuş, lakin evdə təmir işləri aparıldığından onların necə və hansı şəraitdə itməsindən xəbəri olmamışdır. İddiaçı Gəncə şəhər Probasiya Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək nümayəndənin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbinin təmin olunması barədə qətnam çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Tərtər rayon Məhkəməsinin 1(061)-76/202019 nömrəli, xx xxxxxxxx 2019-cu il hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Cavabdeh şübhəli şəxs kimi saxlandığı 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə hesablanmaqla üzərində qəti olaraq 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə digər vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icra olunması ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh ayağına sadə elektron qolbaq bağlanmış, 3 ədəd ev siqnal ötürücüsü, 1 ədəd mobil nəzarət qurğusu, mobil nəzarət qurğusunun adapteri və poverbank ona təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmiş və yaddaş kitabçası verilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitələrinin dəyərinin elan olunması barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan məlum olur ki, Cavabdeh elektron nəzarət vasitələrinin dəyəri elan edilmiş, ev siqnal ötürücüsünün bir ədədinin dəyəri 108,32 manat qeyd edilmişdir. Həmçinin həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 xx xxxxxxx 2020-ci il tarixli tibbi arayışından görünür ki, Cavabdeh “hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi, VM (+) pozitiv, “C” viruslu hepatit” təsdiqlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, ev siqnal ötürücüsünün 1 ədədinin dəyəri 108,32 manat təşkil edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Bu Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuş, eyni zamanda ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh elektron nəzarət vasitəsini kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək elektron nəzarət vasitəsini itirmiş və bununla iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı, Cavabdeh özü də etiraf etmişdir ki, 3 ədəd ev siqnal ötürücülərini itirmiş və dəyərini ödəməyə hazırdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Odur ki, məhkəmə, vurulmuş zərərin əvəzinin naturada ödənilməsi imkanın olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 324,96 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, 20 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən dövlət nəfinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 324,96 (üç yüz iyirmi dörd manat, doxsan altı qəpik) manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-179/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-179/2021
25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver