Məhkəmə qərarları › İş №2(043)-1796/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1796/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1796/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9040 manat dəymiş ziyanın, 9000 manat əldən çıxmış faydanın və iddia ərizəçi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianı müdafiə edib izahatında göstərdi ki, 25.05.2020-ci il tarixdə nümayəndəsi olduğu İddiaçı sahibliyində və istifadəsində olan “Mersedes Benz” markalı **-KK-*** qeydiyyat nömrə nişanlı avtomobillə Şəmkir şəhərində olarkən saat təxminən 20 radələrində “Bazar Store” mağazasına çatmağa 50 metr qalmış qəfildən qarşı tərəfdən ona əks olaraq yük avtomobili yüksək sürətlə hərəkətdə olarkən əvvəlcə iddiaçının avtomobilindən öndə olan avtomobili, sonra isə iddiaçının idarə etdiyi avtomobili vuraraq arxaya atmışdır. Bundan sonra da, bir neçə avtomobili vuraraq dayanmışdır. Hava yastığı açıldığından iddiaçıya heç bir xəsarət dəyməmişdir. İddiaçının ancaq, avtomobilinə ciddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin təqsirkarı Cavabdeh olmuşdur. Hadisə nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan 9040 (doqquz min qırx) manat hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 1(076)-65/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Avtomobil isə hökm çıxarıldıqdan sonra iddiaçının özünə qaytarılmışdır. Cavabdehin təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Habelə iddiaçı 25.05.2020-ci il tarixdən 23.02.2021-ci il tarixədək avtomobilindən istifadə etmək imkanından məhrum olduğu üçün iddiaçının əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Ona görə də, iddiaçı məhkəmədə dəymiş ziyanın tələb edilməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 1(076)-65/2021 saylı hökmü ilə müəyyən olunur ki, iddiaçıya məxsus olan “Mercedes Benz E220 CDİ minik" markalı 99KK443 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 9040 (doqquz min qırx) manatdır. Əldən çıxmış fayda ilə bağlı isə iddiaçı taksi fəaliyyəti ilə məşğul olur. Avtomobillə gündəlik qazancı 40- 70 manat civarında olmuş gəlirdən bir ilə yaxın müddətdir ki, məhrum olmuşdur. Orta hesabla götürdükdə aylıq 1000 manat gəlirdən məhrum olmuşdur. Bu isə təqribən ən azı 9 ay deməkdir. Hər ayı orta hesabla 1000 (bir min) manat hesabladıqda əldən çıxmış fayda 9000 (doqquz min) manat olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Şəmkir Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 1(076)-65/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən görünür ki, Mersedes Benz” markalı **-KK-*** qeydiyyat nömrə nişanlı avtomobillə dəyən zərər 9040 manat təşkil etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı etibarnamə üzrə sahibliyində və istifadəsində olan Mersedes Benz” markalı **-KK-*** qeydiyyat nömrə nişanlı avtomobillə 25 may 2020-ci il tarixdə, saat 19:05 radələrində Şəmkir şəhərində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “İVEKO” yük markalı, 20-DP qeydiyyat nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək iddiaçının avtomobili ilə toqquşmuş, nəticədə iddiaçıya 9040 manat ziyan dəymişdir. Cavabdeh törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin əvəzini ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Deliktlə əlaqədar yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia qismən təmin olunmalı cavabdehdən 9040 (doqquz min qırx) manat pul alınaraq iddiaçının xeyrinə verilməlidir. İddia tələbinin 9000 manat əldən çıxmış faydanın tutulmasına gəldikdə isə iddiaçı həmin avtomobili ilə aylıq gəlir əldə etməsi barədə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 9040 (doqquz min qırx) manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar