Məhkəmə qərarları › İş №2(043)-1807/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1807/2021

03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1807/2021 03.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, iddiaçı İsmayılova (Əhmədova) Könül Dilqəm qızının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı İsmayılova (Əhmədova) Könül Dilqəm qızının Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsmayılova (Əhmədova) Könül Dilqəm qızı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.06.2006-cı il təvəllüdlü X2 və 16.08.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməsinə və həmin məbləğin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2011-ci il tarixli, 2(043-1358/2011 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 22.06.2006-cı il təvəllüdlü X9 və 16.08.2007-ci il təvəllüdlü X12 yanında qalmış və Cavabdeh 15.07.2011-ci il tarixdən etibarən qızı Fidan və oğlu Elmarın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşağının tələbatını ödəmədiyi üçün və uşaqların günü-gündən böyüyərək onun tələbatı getdikcə atdığı üçün onları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh fərdi təsərrüfatla məşğuldur və qazancı daha artıq məbləğdə aliment ödəmək üçün yetərlidir. Ona görə də o hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ikinci dəfə ailə həyatı qurmuş və ikinci evliliyindən də uşağı dünyaya gəlmişdir. O, 2-ci qrup əlildir və 130 manat məbləğində pensiya alır. Həmçinin, ikinci nikahından doğulan oğlu Fəzli də əlildir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin nikahından doğulmuş 22.06.2006-cı il təvəllüdlü X2 və 16.08.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş AZ-İ seriyalı, 777959 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X9 22.06.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 978928 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X11 16.08.2007-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2011-ci il tarixli, 2(043- 1358/2011 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, 22.06.2006-cı il təvəllüdlü X9 və 16.08.2007-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılması və Cavabdeh 15.07.2011-ci il tarixdən etibarən qızı Fidan və oğlu Elmarın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir İş materiallarına əlavə edilmiş DSMF-nun 19 saylı regional ərazi filialının 24.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh İİ qrup əlilliyə görə 130 manat məbləğində sosial müavinət alır. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 739044 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X13 15 iyun 2014-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş DSMF-nun 19 saylı regional ərazi filialının 24.05.2021-ci il tarixli arayışından görünür ki, X13 əlil uşaq olduğuna görə 150 manat məbləğində sosial müavinət alır. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2011-ci il tarixli, 2(043-1358/2011 nömrəli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı arasında olan nikah pozulmuş, 22.06.2006-cı il təvəllüdlü X9 və 16.08.2007-ci il təvəllüdlü X12 anaları iddiaçı İsmayılova (Əhmədova) Könül Dilqəm qızının yanında saxlanılmış və Cavabdeh 15.07.2011-ci il tarixdən etibarən qızı Fidan və oğlu Elmarın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş cəmi 80 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin isə ikinci qrup əlil olmaqla 130 manat pensiya aldığını və himayəsində ikinci evliliyindən bir əlil uşaq olduğuna görə uşaq üçün 150 manat məbləğində sosial müavinət aldığını, başqa gəliri olmadığı üçün alimenti ödəməkdə çətinlik çəkdiyini və hazırda alimentin məbləğinin artırılması ilə razı olmadığını və iddianın rədd edilməsini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda iki uşaq üçün ödənilən 80 manat məbləğində aliment 15.08.2011-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 10 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin ikinci qrup əlil olmaqla hər ay 130 manat pensiya almasını və ikinci evliliyindən himayəsində əlil uşaq olmasını, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olmasını nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 22.06.2006-cı il təvəllüdlü X2 və 16.08.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2011-ci il tarixli, 2(043)-1358/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay cəmi 80 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödənilməli aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2011-ci il tarixli, 2(043)- 1358/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 22.06.2006-cı il təvəllüdlü X2 və 16.08.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) sabit pul məbləğində aliment tutularaq, iddiaçı İsmayılova (Əhmədova) Könül Dilqəm qızının xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar