Məhkəmə qərarları › İş №2(043)-1818/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1818/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1818/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5, cavabdehlər Hüseynova Mərziyə Abbas qızının, Cavabdeh1 və nümayəndəsi (vəkili) X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2nə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisində 25.03.2014-cü il tarixdə X4 ilə Cavabdeh1 arasında bağlanmış AN- İ№ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Anadan olduğu vaxtdan bu günədək Gəncə şəhəri, Tağı Arani küçəsi, 1-ci döngə, ev 3, mənzil 6-da ailə üzvləri ilə birgə yaşayırlar. Müvəqqəti olaraq, bir neçə il üzrlü səbəbdən Bakı şəhərində yaşamışdır. Buna səbəb isə 2011-ci ildə Bakı Dövlət Universitetinə əyani əsaslarla qəbul olunmağı olmuşdur. Bakı şəhərində olarkən onun xəbəri və razılığı olmadan Gəncə şəhəri, Tağı Arani küçəsi, 1-ci döngə, ev 3, mənzil 6 Cavabdeh1 satılmışdır. Uşaqlıq xatirələrində dolu olan evin onun razılığı olmadan satılması və bu gün həmin evdən çıxarılma təhlükəsi qarşısında qalmağı həqiqətən də, onun hüququnun pozulmasına gətirib çıxarmışdır. Ona görə də, pozulmuş hüququmun bərpa edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X19 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mübahisəli alqı-satqı müqaviləsi X4 ilə Cavabdeh1 arasında bağlandığından X2 cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilərək, X4 iş üzrə cavabdeh qismində işə gəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X19 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, alqı-satqı müqaviləsindən İddiaçı xəbəri olmamışdır. İddiaçı həmin vaxt yetkinlik yaşına çatmışdır. İddiaçı onun evdən çıxarılması barədə məhkəmə qətnaməsini 2020-ci ildə aldığı vaxtdan sonra sözügedən alqı-satqı müqaviləsindən xəbəri olmuşdur. Onlar hesab edirlər ki, alqı-satqı müqaviləsi etibarsız olmalıdır. Mərziyyə Hüseynova iddiaçı olan qızının xəbəri olmadan alqı-satqı müqaviləsi bağlamışdır. “Notariat haqqında” 27-ci maddəsində göstərilən hüquqlar pozulmuşdur. Hesab edir ki, alqı-satqı müqaviləsi etibarsızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ifadə verərək bildirdi ki, orada İddiaçı razılıq ərizəsi vardır. Alqı-satqı müqaviləsi bağlanmışdır. 25.000 ABŞ dolları, 33.000 ABŞ dolları və əlavə 1.000 ABŞ dolları verməklə ümumilikdə 59.000 ABŞ dolları pul vermişdir. Ona demişdir ki, evi boşaltsın evə gələcək. Avtozavod qəsəbəsində evi vardır, ora hazır olsun çıxar. Həmin vaxtdan çıxmırlar, təxminən 2017-ci ildən evi alanda ilkin olaraq o 25.000 ABŞ dolları pul vermişdir, oda təxminən 19.500 manat etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) X22 bildirdi ki, cavabdeh qismində cəlb olunan X4 iddiaçının anasıdır. 2014-cü ildə alqı-satqı müqaviləsi bağlanıb, İddiaçı notarial qaydada evin satılmasına dair razılıq ərizəsi vermişdir. İddianı əsassız hesab edir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 ifadəsində bildirdi ki, evin satılmasından qızı İddiaçı xəbəri olmamış və razılıq ərizəsi verməmişdir. Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə işə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, cavabdehləri və nümayəndəni dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər MKTİB-nin 13.03.2014-cü il tarixli, 70 arayış-formasından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsi, 1-ci döngə, küçə 3, bina 6 X2 adınadır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın 25.03.2014-cü il tarixli AN-1 ******* nömrəli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, T.Arani küçəsi, 1-ci döngə, ev 3, mənzil ünvanında yerləşən, 5 mərtəbəli binanın 2-ci mərtəbəsi, ümumi sahəsi 70.0 kv.m., yaşayış sahəsi 48.7 kv.m, 3 (üç) yaşayış otağından ibarət mənzili Cavabdeh1 19560 (on doqquz min beş yüz altmış) manata satmışdır. İş materiallarına əlavə edilmiş 14.03.2014-cü il tarixli, 7E-04/2867 nömrəli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı, Hüseynova Mərziyə Abbas qızına məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmiş, razı olduğunu göstərmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli, 2(104)-808/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(043)-1545/2019 qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Hüseynova Mərziyə Abbas qızı, X9, X13, X10, X14, X23, X11, X15, İddiaçı, X20 və X16 qarşı cavabdeh Hüseynova Mərziyə Abbas qızının ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Taği Aranı küçəsi, 1-ci döngə, 3-cü evin 6 saylı mənzilindən çıxarılması, onun əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə qaytarılması, həmçinin onun və digər cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Hüseynova Mərziyə Abbas qızı və X12 apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(043)-1545/2019 saylı qətnaməsi cavabdehlər Hüseynova Mərziyə Abbas qızı və X16 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-550/2021 saylı qərarının surətindən görünür ki, cavabdeh Hüseynova Mərziyə Abbas qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-808/2020 nömrəli iş üzrə 18 mart 2020ci il tarixli qətnaməsi iddianın cavabdeh Hüseynova Mərziyə Abbas qızına qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin həqiqi halları işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Hüseynova Mərziyə Abbas qızı arasında Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Aranı küçəsi, 1-ci döngə, 3-cü evin 6 saylı mənzilin Hüseynova Mərziyə Abbas qızı tərəfindən Cavabdeh1 satılmasına dair notariat qaydasında təsdiq edilmiş 25 mart 2014-cü il tarixdə AN-1İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı 14.03.2014-cü il tarixli, 7E-04/2867 nömrəli notarial qaydada təsdiq edilmiş ərizə verərək, Hüseynova Mərziyə Abbas qızına məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmiş, razı olduğunu göstərmişdir. Bundan sonra mübahisəli ev Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Bundan sonra iddiaçı Cavabdeh1 cavabdehlər Hüseynova Mərziyə Abbas qızı, X9, X13, X10, X14, X23, X11, X15, İddiaçı, X20 və X16 qarşı cavabdeh Hüseynova Mərziyə Abbas qızının ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Taği Aranı küçəsi, 1-ci döngə, 3-cü evin 6 saylı mənzilindən çıxarılması, onun əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə qaytarılması, həmçinin onun və digər cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddiası təmin edilmişdir. Alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edən iddiaçı tələbini onunla əsaslandırır ki, 2011-ci ildə Bakı Dövlət Universitetinə əyani əsaslarla qəbul olunub təhsil alan zaman, Bakı şəhərində olarkən onun xəbəri və razılığı olmadan Gəncə şəhəri, Tağı Arani küçəsi, 1ci döngə, ev 3, mənzil 6 cavabdeh X6 tərəfindən digər Cavabdeh1 satılmışdır. Məhkəmə qeyd edir ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün ilk öncə alqı-satqı müqaviləsinin bağlanılmasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin və mənzilin satılmasında dair razılıq ərizəsinin surətlərindən görünür ki, müqavilə və razılıq ərizəsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göstərilən Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən müqavilə tərəfləri olan alıcı və satıcı olaraq əmlakın mülkiyyətçisi ilə alqı-satqı müqaviləsi bağlamış, iddiaçı mənzilin mülkiyətçisinin ailə üzvü və mənzildə qeydiyyatda olan şəxs olaraq notarial qaydada ərizə verərək mənzilin satılmasına razılığını bildirməklə mübahisə etmək hüququnu itirmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmamış və üçüncü şəxslərin mənafeləri pozulmamış, əqdi onun barəsində mübahisə etmək hüququna malik olan iddiaçı tərəfindən təsdiq edilmişdir. Bununla da qeyd edilən alq-satqı müqaviləsinin və Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsi, 1-ci döngə, ev 3, 6 nömrəli mənzilin hüquq müəyyən edən sənədlərin ilkin vəziyyətinə qaytarılması üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddia digər tərəfdən ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə alqı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız sayılmasına dair iddia tələbləri üzrə müddət şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçı alqı-satqı müqavilələrinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli idi. Başqa sözlə, iddiaçı alqı-satqı müqaviləsini istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmək hüququna malik olmuşdur. İş materiallarında olan 14.03.2014-cü il tarixli, 7E-04/2867 notarial qaydada təsdiq olunmuş ərizənin surətindən isə görünür ki, İddiaçı X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsi, 1-ci döngə, ev 3, 6 nömrəli mənzilin satılmasına etirazının olmadığını bildirmiş, həmçinin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(043)-1545/2019 saylı qətnaməsindən də görünür ki, iddiaçı Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Taği Aranı küçəsi, 1-ci döngə, 3-cü evin 6 saylı mənzilindən çıxarılması, onun əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə qaytarılması, həmçinin onun və digər cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası ərizəsinə baxılarkən İddiaçı məhkəməyə etiraz göndərmiş, yəni həmin vaxt o, alqı-satqı müqaviləsinin bağlandığını bilmişdir. Göründüyü kimi, iddiaçı bir ildən artıq müddət keçdikdən sonra alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2nə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2nə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar