Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1831/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı Sadiq qızı və Cavabdeh iştirakları ilə, İddiaçı Sadiq qızının Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sadiq qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat pul və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30.10.2020-ci il tarixdə qızı X2 həkim müainəsinə aparmışdır. İİ Qarabağ müharibəsi zamanı Gəncə şəhərində baş verən məlum partlayışlardan sonra, qızında “psixoloji sarsıntı depresiya halları” müşahidə edən həkim ona bildirmişdir ki, onu bir müddət evdən kənar stresdən kənarda tutsun. Həkimin məsləhətini nəzərə alaraq, Gəncə şəhəri Sərhad Əliyev küçəsində yerləşən “Firuzə” qadın salonunda işləyən Cavabdeh yanına getmiş, qızı Lalə Xəlilovanı qadın üçün qaş və saç ustası kimi yanlarında işə qəbul etmələrini soruşmuş, Cavabdeh da öz növbəsində bildirmişdir ki, qızını yanına götürüb öyrədər və yanında işlədə bilər. Lakin, bunun müqabilində 500 (beş yüz) manat pul ödəməlidir. O da razılaşmışdır. Cavabdeh 500 manatın müqabilində təcrübə müddətində qadın qaş və saçlarının düzəldilməsində istifadə edilən bütün ləvazimatların özləri tərəfindən ödəniləcəyini bildirmişdir. Bundan başqa o, 15 gün müddətində qızı tam öyrədəcəyini və təcrübəli usta kimi qızına diplom və sertifikat da verəcəyini bildirmişdir. Bundan sonra onunla razılaşaraq ona ilkin olaraq 200 ABŞ dolları vermiş, 160 manat isə 03.11.2020-ci tarixdə vermişdir. Ödədiyi pullar üçün qəbz istədikdə o, sonra qəbz verəcəyini bildirsə də, verməmişdir. Pulu aldıqdan sonra, ona bildirmişdir ki, qızının işləməsi üçün lazimi avadanlıqları da almalıdır. O, məcbur olub 10 modeldə saç və qaşın düzəldilməsi üçün lazım olan avadanlıqları almışdır. Lakin Cavabdeh dediyi vədlərə əməl etməmiş, qızını öyrətməmiş və qızına hər hansı bir sertifikat, diplom verməmişdir. Bununla da qızı daha da pis olaraq psixoloji problemləri yaranmışdır. Bütün bunlara baxmayaraq, ona bildirmişdir ki, sadəcə verdiyi pulu qaytarsın. O, pulu geri qaytarmadığı halda polisə müraciət etmiş, polis də cavabdehi idarəyə dəvət etmişdir. O, polisdə ondan pul almasını etiraf etmişdir. Polis isə mülki iş olduğu üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bu səbəbdən məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Sadiq qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı ilə onun arasında şifahi razılaşmaya əsasən onun qızını saç və qaş dözəltməyi öyrətmək və sertifikat verəcəyi barədə razılaşma olmuşdur. Razılaşmaya əsasən saç və qaşın düzəldilməsi ilə bağlı lazımi avadanlıqları iddiaçı almalı idi. Bu ümumi bir qaydadır. Çünki, o bütün tələbələrini öyrədərkən avadanlıqları tələblər özləri alırlar. İddiaçıdan qızının öyrədilməsi üçün 500 manat pul istəmiş və almışdır. O, razılaşmaya əsasən iddiaçının qızına lazımi qaydada işi öyrətmiş, iddiaçının qızı 15 gün onun yanında öyrənmiş və sonda ona sertifikat da hazırlamışdır. Lakin, iddiaçı və ya onun qızı sonradan gəlib sertifikatını aparmamışdır. O, iddiaçı ilə aralarında əldə olunmuş razılaşmaya tam şəkildə əməl etdiyindən iddiaçının hazırki tələbini əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, o, anası – İddiaçı ilə Cavabdeh arasında əldə olumuş razılaşma əsasında təxminən 10 gün müddətində cavabdehə məxsus qadın gözəllik salonunda işləmiş və saç və qaş düzəldilməsini öyrənmişdir. Cavabdeh ona hər şeyi başa salsa da, onu tam öyrətmədiyindən o, anasının salonunda yaxşı işləyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, o, cavabdehə məxsus qadın gözəllik salona qaşının düzəldilməsi üçün müştəri kimi getmişdir. Həmin vaxt qaşının düzəldilməsini iddiaçının qızı Lalə Xəlilova həyata keçirmişdir. Lakin o, onun qaşını yaxşı düzəldə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, cavabdehin tələbəsi olmuş, hazırda da cavabdehə məxsus “Firuzə” studioda işləyir. O, 2017-ci ildə tələbə kimi salonda işləyən zaman cavabdehə xitmət haqqı ödəmiş və istifadə etdiyi əşyaları özü almışdır. İddiaçının qızı Lalə həmin salona təxminən 15-20 gün gəlmiş və cavabdeh də öz növbəsində onu öyrətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, cavabdehə məxsus salona həftədə 2 dəfə olmaqla müştəri kimi gedir. Salona gedən zaman Cavabdeh Lalə Xəlilovanı fərdi qaydada saç və qaş düzəlməsini öyrətdiyini və Lalənin oradan müştərilərin saç və qaşlarını düzəltdiyinin şahidi olmuşdur. İş materiallarında olan 29.10.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavadova X4 Hicran Sadiq qızından 500 manat pul almışdır. İş materiallarından görünür ki, Xəlilova Lalə adına həqiqətən “Perfect Brows microblading and permanent technique” kursunda iştirak etməsi barədə Cavabdeh tərəfindən sertifikat hazırlanmışdır. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, tərəflər arasında iddiaçının qızına saç və qaş düzəltmənin öyrədilməsi ilə bağlı şifahi tapşırıq müqaviləsinin bağlanması, bunun müqabilində iddiaçı tərəfindən cavabdehə 500 manat pulun ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı iddia edir ki, tərəflər arasında olan razılaşmaya əsasən saç və qaş düzəldilməsi üçün lazımi avadanlıqları cavabdeh özü təmin etməli idi. Cavabdeh isə bununla bağlı bildirir ki, o tələbələrini öyrədərkən saç və qaş düzəldilməsi üçün lazım olan bütün ləvazimatları tələbələr özləri alırlar. Bu ümumi bir qaydadır. İddiaçı ilə razılığa gələrkən də bu barədə ona demişdir. Belə olan vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin şərtlərinə əsasən saç və qaş düzəldilməsi üçün lazımi avadanlıqları cavabdehin almalı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tələbində cavabdehə qızını öyrətməsi üçün 500 manat pul verdiyini, lakin cavabdehin öhdəliyini pozaraq, qızını öyrətmədiyini qeyd edərək, həmin pul məbləğini cavabdehdən tələb etmişdir. Cavabdeh isə izahatında bildirmişdir ki, o, iddiaçı ilə aralarında əldə edilmiş razılaşmaya tam əməl edərək, onun qızına saç və qaş düzəldilməsini lazımi qaydada öyrətmiş və ona sertifikat hazırlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmə iclasında dindirilmiş tərəflərin izahatlarından, eləcə də şahidlərin ifadələrindən görünür ki, təxminən 15 gün ərzində cavabdeh iddiaçının qızı Lalə Xəlilovaya saç və qaş düzəldilməsini lazımi qaydada öyrətmişdir və sonda bununla bağlı ona sertifikat vermişdir. Məhkəmə hesab edir ki, bununla da cavabdeh tərəflər arasında olan razılaşmanın şərtlərinə əməl etmişdir. Lalə Xəlilovanın işi istənilən səviyyədə öyrənməmiş olması, cavabdehin üzərinə düşən öhdəliyini yerinə yetirməməsinə dəlalət etmir. Çünki, tapşırıq müqaviləsi bağlanarkən görülən işin nəticəsinə heç bir halda təminat verilmir. Odur ki, iddiaçının tapşırıq müqaviləsinin şərtlərinə əməl edilməməsinə isnad edərək cavabdehdən ödədiyi pulu geri tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sadiq qızının Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1831/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1831/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver