Məhkəmə qərarları › İş №2(043)-1832/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1832/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1832/2021 14.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “su çənlərinin götürülməsi və maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus su çənlərinin onun mənzilinin üstündən götürülməsi, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 1596 manat pulun hər birindən 798 manat olmaqla cavabdehlərdən onun xeyrinə tutulması və mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 650 pul və 30 manat dövlət rüsumunun, cəmi dəyəri 680 manat pulun hər birindən 340 manat məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrorayon bina 4A mənzil 53 onun mülkiyyətindədir. Yaşayış binası 9 mərətəbəlidir və mənzili binanın 9-cu mərtəbəsində yerləşir. Binaya suyun verilməsində problem olduğu üçün binada yaşayan vətəndaşlar tərəfindən qanunsuz olaraq binanın dam hissəsinə su çənləri yerləşdirilmişdir. Belə çənlərdən ikisi binanın 45 nömrəli mənzilin sahibi Cavabdeh1 və 46 nömrəli mənzilin sahibi Cavabdeh2 məxsusdur və onun mənzilinin üstündə quraşdırılmışdır. Neçə illərdir ki, qeyd etdiyi su çənləri qonşuları tərəfindən nəzarətsiz saxlanılır və su daşması baş verir. Nəticədə isə su mənzilinin tavan hissəsindən içəri daxil olmaqla bütün mənzilini yaşanmaz hala salmışdır. Dəfələrlə qonşuları Cavabdeh1 və Cavabdeh2 su çənlərinin nəzarətsiz qoymamaları üçün müraciət etsə də, hər dəfə müəyyən bəhanələr gətirməklə onu aldatmışlar. Su basmaları nəticəsində mənzili kif bağlamış, məişət avadanlıqlarına ziyan dəymişdir. Sonuncu dəfə bu halların aradan qaldırılması məqsədi ilə 2019-cu ildə 1300 manat maddi ziyana düşərək mənzili təmir etmişdir. Dəfələrlə əsəbləşərək səhhətində problemlər əmələ gəlmişdir. Sonuncu dəfə yuxarıda qeyd etdiyi hadisə 08 aprel 2021-ci il tarixdə baş vermiş və onun mənzilinin üstündə qanunsuz olaraq quraşdırılmış binanın 45 nömrəli mənzilinin sahibi Cavabdeh1 və 46 nömrəli mənzilin sahibi Cavabdeh2 məxsus iri tonajlı su çənlərindən suyun axması nəticəsində mənzilini su basmışdır. Nəticədə mənzilinin yaşayış, kommunal və digər sahəsinə, həmçinin məişət avadanlıqlarına ciddi ziyan dəymişdir. Belə ki, mətbəxin və hamamın tavan hissəsi çökmüş, elektrik şəbəkəsində qısa qapanma nəticəsində elektrik lampaları sıradan çıxmış, mətbəx mebeli su sızması nəticəsində (şişmiş) yararsız hala düşmüşdür. Bundan başqa mənzilin kosmetik görünüşü də ziyan görərək divar kağızları qopmuş və bir hissəsi kiflənərək görünüşünü dəyişmişdir. Bundan başqa su daşması baş verdikdə bir neçə gün mətbəx və hamamda elektrik keçirməsi baş verir ki, bu da həyat üçün ciddi təhlükədir. Bütün bu baş verənlərlə əlaqədar yenidən Cavabdeh1 və Cavabdeh2 öz iradını bildirdikdə onlar gözləntilərin əksinə olaraq onu hədələməyə başladıqda o, məsələnin qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilməsi üçün çəkindirmə prinsipini əsas tutaraq aidiyyəti üzrə Gəncə Şəhəri (İcra Hakimiyyəti MKTİB-nin 6 saylı xidmət sahəsinin əməkdaşına və DİN -nin "102 çağrı" mərkəzinə zəng vurmuşdur. Növbəti gün yəni 09.04.2021-ci il tarixdə Gəncə Şəhəri (İcra Hakimiyyəti MKTİB-nin 6 saylı xidmət sahəsinin rəhbərliyi tərəfindən Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrarayon bina 4A mənzil 45 saylı mənzilin sahibi Cavabdeh1 02 və Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrarayon bina 4A mənzil 46 saylı mənzilin sahibi Cavabdeh2 03 saylı xəbərdarlıq göndərilmişdir. Bundan sonra vətəndaşlar su çənlərinin həftə içi götürəcəkləri və dəymiş ziyanı öz vəsaitləri hesabına aradan qaldıracaqları barədə vəd vermişlər. Lakin, iki gündən sonra yenidən onu hədələməklə heç bir hərəkət etməyəcəklərini bildirmişlər. Cavabdehlər Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrarayon bina 4A mənzil 45 saylı mənzilin sahibi Cavabdeh1 və Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrarayon bina 4A mənzil 46 saylı mənzilin sahibi Cavabdeh2 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni hamam və mətbəxin 9.5 kv.m asma tavan 215 manat, 4 ədəd led elektrik lampası 55 manat, 5.2 paqonametr mətbəx mebeli 1200 manat, mətbəx və dəhlizdə yapışdırılmış 34 kv.m bir bağlaması 14 manat olan divar kağızı 9 dəd 126 manat maddi ziyan dəymişdir. Yararsız vəziyyətə düşmüş əmlakın və təmirə çəkilmiş xərcin ümumi dəyəri 1596 manat təşkil edir. Hazırda isə, cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində təmir dəyəri 2246 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iş üzrə keçirilmiş ekspertiza rəylərində göstərilən məbləğlə razıdır. Bu səbəbdən cavabehlərə məxsus qanunsuz quraşdırılmış su çənlərinin mənzilinin üstündən götürülməsi və mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan ekspert rəyində göstərilən 734 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, iddiaçının qonşuluğunda yaşayır. İddiaçının mənzilinə qeyd etdiyi su sızması onun istifadəsində olan su çənindən sadəcə bir dəfə baş vermişdir, bundan sonra isə o, su çənində müvafiq təmir işləri apardığından, həmin hadisə təkrarlanmamışdır. İddiaçının mənzilinə zərər dəyməsinə səbəb olan su sızmaları digər Cavabdeh1 məxsus evə gedən su çəninin daşması nəticəsində olmuşdur. O, iddiaçının mənzilinə iddiada göstərilən həcmdə zərər yetirməmişdir. Odur ki, iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı, mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə onun mənzili üzərində quraşdırılmış cavabdehlərə məxsus su çənlərindən axan suyun onun mənzilinə zərər vurduğunu bildirərək, mənzilinin üzərində olan cavabdehlərə məxsus su çənlərinin götürülməsini və cavabdehlər tərəfindən onun mənzilinə vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 isə izahatında hazırda ona məxsus su çənindən iddiaçının mənzilinə su axıdılmadığını, onun mənzilinə zərərin əsasən digər cavabdeh Səfiyyə Məhərəmova məxsus su çənindən suyun axması nəticəsində olduğunu, onun tərəfindən iddiaçının mənzilinə ziyan vurulmadığını bildirmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 nömrəli Xidmət Sahəsi tərəfindən ünvan 2 ünvanda yaşayan Cavabdeh2 və həmin binanın 45 nömrəli mənzilində yaşayan Cavabdeh1 qızına ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, onlara məxsus binanın tam örtüyünün üstünə qanunsuz quraşdırılmış su çənləri binanın 53 nömrəli mənzilinə böyük ziyan vurmuşdur. Hal-hazırda həmin binaya təzə su xətti çəkilmişdir və həmin xətlə sakinlər normal su ilə təmin olunurlar. Onların su çəninə ehtiyacları yoxdur. Binanın tam örtüyündə quraşdırılmış onlara məxsus su çənlərinə nəzarət edilmir və nəticədə aşağıda yerləşən 53 nömrəli mənzilə su axıb ziyan vurmuşdur. Bu hadisə dəfələrlə təkrar olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 18.11.2021-ci il tarixli 10/5571 nömrəli rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qoşqar qızına məxsus su çənləri İddiaçı mülkiyyətində olan Gəncə şəhər, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən 4 A saylı binanın 53 saylı mənzilinin üzərində yerləşdiyi müəyyən edilir. Cavabdeh1 və Cavabdeh2 Qoşqar qızına məxsus su çənindən su sızması nəticəsində, Gəncə şəhər, Kəpəz,4-cü mikrorayonda yerləşən 4 A saylı binanın 53 saylı mənzilə suyun sızdığı və nəticədə 53 saylı mənzilə ziyanın dəydiyi müəyyən edilir, eyni zamanda qeyd olunur ki, Gəncə şəhəri, İcra Hakimiyyəti MKTİB-nin 6 saylı xidmət sahəsinin əməkdaşları tərəfindən 53 saylı mənzilə və çənlərə baxış keçirmiş və bu barədə 09.04.2021-ci tarixli xəbərdarlıq tərtib olunmuşdur. Aktın məlumatlarına əsasən həqiqətən də yaşayış evinin damında Cavabdeh1 və Cavabdeh2 Qoşqar qızına məxsus su çənlərinin nasazlığı nəticəsində 53 saylı mənzilə su axıdıldığı və nəticədə 53 saylı mənzilin tikililərinə ziyan dəydiyi göstərilmişdir, Gəncə şəhər, Kəpəz,4-cü mikrorayonda yerləşən 4 A saylı binanın 53 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 734 manat məbləğində müəyyən edilir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza tədqiqatı nəticəsində verilmiş rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi, iddiaçıya məxsus Gəncə şəhəri Kəpəz rayonu 4-cü mikrorayon bina 4A-da yerləşən 53 saylı mənzilin üzərində həmin binada yerləşən 45 və 46 nömrəli mənzillərə məxsus su çənləri yerləşir. Həmin su çənlərindən su sızmaları baş vermiş və su sızmaları nəticəsində iddiaçıya məxsus mənzilə zərər vurulmuşdur. Yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin ümumi qiyməti 734 manat məbləğində hesablanmışdır. İş materiallarında olan 1 nömrəli Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23.11.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən ünvan 1 ünvanında yaşayan İddiaçı mənzilinə baxış keçirilmiş və aşkar olunmuşdur ki, mənzilə həqiqətən bina 4a mənzil 46 ünvanına məxsus su çəninin nasazlığı və daşması nəticəsində mənzilin dəhlizinin tavan və divar hissələrinə, hamam və eyvan hissələrinə ziyan dəymişdir. 46 nömrəli mənzil Cavabdeh1 adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Bununla bağlı, cavabdehlərin təqsirli olaraq dəfələrlə təkrarlanmaqla törətdikləri hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçıya məxsus mənzilə 734 manat məbləğində zərər vurulması faktı mötəbər sübutlarla təsdiq olunduğundan və bundan sonra da analoji hadisənin baş verməsi ehtimalı olduğundan, eləcə də cavabdehlər tərəfindən binanın dam örtüyünə su çənlərinin quraşdırılmasının heç bir qanuni əsası olmadığından, verilmiş iddia təmin edilməli, cavabdehlər tərəfindən iddiaçının mənzili üzərinə quraşdırılmış su çənləri götürülməli, iddiaçının mənzilinə vurulmuş zərərin əvəzi kimi 734 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat pul da cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 4A-da yerləşən 53 saylı mənzilin üzərində Cavabdeh1 və Cavabdeh2 tərəfindən quraşdırılmış su çənləri götürülsün. Cavabdeh1 və Cavabdeh2 734 (yeddi yüz otuz dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar