Məhkəmə qərarları › İş №2(043)-1836/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1836/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1836/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2580 manat əsas, 387 manat faiz, 130 manat cərimə olmaqla, cəmi 3097 manat kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 51,57 manat məbləğində pulun tutularaq BOKT "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Azərbaycan MMC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 30 % maraq faizi ödəmək şərti ilə 2700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin maddəsinə görə cavabdehlər bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizləri kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nağd şəkildə, kredit müddətində tamamən qaytarmağı öhdələrinə götürmüşlər. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə təşkilat arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər Müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövrü olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin təşkilata 2580 manat əsas, 387 manat faiz, 130 manat cərimə olmaqla, cəmi 3097 (üç min doxsan yeddi) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş, 24 yanvar 2020-ci il tarixli, 25755/2 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə 30 faiz dərəcəsi ilə 2700 AZN kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2020-ci il tarixli, 25755/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 24 yanvar 2020-ci il tarixli, 25755/2 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2020-ci il tarixli, 25755/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh3 24 yanvar 2020-ci il tarixli, 25755/2 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarında olan nömrəli maliyyə arayışından görünür ki, 24 yanvar 2020-ci il tarixli, 25755/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə əsas məbləğ üzrə 2580 manat əsas, 387 manat faiz, 130 manat cərimə borcu olmaqla, cəmi 3097 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, "xxxx" MMC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 130 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2580 manat əsas, 387 manat faiz, 10 manat cərimə borcu olmaqla cəmi 2977 manat pul tutularaq, "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 51,37 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2580 manat əsas, 387 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 2977 (iki min doqquz yüz yetmiş yeddi) manat pul və məhkəmə xərci qismində 51,37 (əlli bir manat otuz yeddi) manat pul tutularaq Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar