Məhkəmə qərarları › İş №2(043)-1859/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1859/2021

11.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1859/2021 11.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “öhdəliyin icrası müddətinin uzadılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən evin alğı-satqısı ilə əlaqəar üzərlərinə götürdükləri öhdəliklərin icra edilməsi müddətinin 1 il uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi mübahisənin bu kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş məhkəmədən kənar həlli (pretenziya) qaydasına riayət edilmədən verildiyi üçün məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. İddia ərizəsində qeyd edilir ki, cavabdehin mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən evi 145000 manata almaqla bağlı onunla razılığa gəlmiş və 26 aprel 2019-cu il tarixdə onunla beh müqaviləsi bağlamışlar. Beh müqaviləsinə əsasən cavabdehə 17 000 manat pul ödəmişlər, bundan sonra cavabdeh çıxıb Rusiya Federasiyasına getmişdir. Daha sonra evin pulundan əlavə olaraq 51 000 manatını cavabdehin yaxın qohumu vasitəsi ilə cavabdehə vermişlər. Qalan məbləği isə hələ ödəməyiblər və beh müqaviləsində nəzərdə tutulmuş bir illik müddət başa çatmışdır. Buna görə də öhdəliyin icrası müddətinin bir il müddətinə uzadılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 26 aprel 2019-cu il tarixli 3M-249 reyestr nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı2 ünvan 1 ünvanda yerləşən evin alğı-satqısına dair müqavilənin icrasını təmin etmək məqsədilə ödənilməli olan 145000 manat pulun 17 000 manatının beh kimi verilməsi barədə razılığa gəlmişdir. Tərəflər öhdəliyin 26 aprel 2020-ci il tarixə kimi icra edilməsini öz öhdələrinə götürmüşdür. Göründüyü kimi hazırkı iddia tələbi 26 aprel 2019-cu il tarixli beh müqaviləsinin dəyişdirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi qanunvericilikdə müqavilənin dəyişdirilməsinin ilk növbədə tərəflərin razılığı ilə məhkəmədən kənar həlli qaydası müəyyən edilmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadıqda bu mübahisəyə məhkəmə tərəfindən baxıla bilər. İddiaçılar iddia ərizəsinə müqavilənin dəyişdirilməsi barədə cavabdehə təklifin verilməsi və cavabdehin bu təklifdən imtina etməsi və ya müəyyən edilmiş müddətdə təklifə cavab verməməsini təsdiq edən sənəd əlavə etməmişdir. Əksinə iddia ərizəsindən məlum olur ki, iddiaçılar cavabdehə ümumiyyətlə belə bir təkliflə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, İddiaçılar cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “öhdəliyin icrası müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar