Məhkəmə qərarları › İş №2(043)-1892/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1892/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1892/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.12.2019-cu il tarixli, 13-19-23-1071313 saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3613,45 manat əsas, 48,34 manat faiz, cəmi 3661,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.04.2015-ci il tarixli, 13-15-11-013992 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə qaytarmaq məqsədilə 4630 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 3613,45 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 22.12.2019-cu il tarixli, 13-19-23-1071313 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozmuş və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və Kredit Müqaviləsinin 4.6-cı bəndinə əsasən tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,02% miqdarında dəbbə (penya) pulu ödəyir. Kredit müqaviləsinin 4.7-ci bəndinə, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borcalan borcverənə verilmiş kredit məbləğinin 0,02 % miqdarında cərimə faiz ödəyir.(60 ay ərzində 01 faizdən çox olmamaq şərtilə). 24.02.2021-ci il tarixli maliyyə arayışına əsasən 24.02.2021-ci il tarixinə Cavabdeh İddiaçı ASC-yə əsas borcu 3613,45 manat, faiz borcu 48,34 manat, cəmi 3661,79 manat təşkil edir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən nümayəndə məhkəmə iclasında iştirak edə biməyəcəyini, onların iştirakı olmadan mülki işə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.04.2015-ci il tarixli, 13-15-11-013992 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə qaytarmaq məqsədilə 4630 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 3613.45 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 22.12.2019-cu il tarixli, 13-19-23-1071313 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozmuş və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə 3613,45 manat əsas, 48,34 manat faiz, cəmi 3661,79 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İddiaçı ASC-yə ünvanladığı 22.12.2019-cu il tarixli ərizələrindən görünür ki, ona restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün 60 ay müddətinə, 3613,45 manat məbləğində kreditin verilməsini xahiş etmiş, həmçinin restrukturizasiya səbəbindən cari hesabında yaranan 3613,45 manat vəsaiti 02.04.2015-ci il tarixdə götürdüyü kreditin qalıq ssuda borcunun tam ödənilməsinə yönəldilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 24 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 22.12.2019-cu il tarixli, 13-19-23-1071313 saylı kredit müqaviləsi üzrə Cavabdeh 26 fevral 2021-ci il tarixə İddiaçı ASC-yə 3613,45 manat əsas, 48,34 manat faiz, cəmi 3661,79 manat borcu vardır. 05 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cu maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz borcu hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi tədqirdə, müqavilə ilə tənzimləyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsində nəzərdə tutulmuş müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.12.2019-cu il tarixli, 13-19-23-1071313 nömrəli əsas borcun restruturizasiya müqaviləsi ləğv edilməli, 3613.45 manat məbləğində əsas borc və 48.34 manat faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.12.2019-cu il tarixli, 13-19-23- 1071313 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 3613.45 manat əsas, 48.34 manat faiz, cəmi 3661,79 (üç min altı yüz altmış bir manat yetmiş doqquz qəpik) manat borc pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASCyə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar