Məhkəmə qərarları › İş №2(043)-1908/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1908/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1908/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçının rəsmi qeydiyyatda olduğu yer Goranboy rayonu, Yeni Qızılca ərazi dairəsi, Yeni Qızılca kəndi, cavabdehin rəsmi qeydiyyatda olduğu yer isə Goranboy rayonu Qaradağlı kəndidir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsində iddiaçının seçməsinə görə aidiyyət məsələləri tənzimlənmişdir və həmin maddədə qeyd olunur ki, alimentin alınması haqqında iddalar iddiaçının yaşadığı yerə görə verilə bilər. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının Qanununa əsasən vətəndaşın yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən olduğundan, hazırki iddia ərizəsi üzrə İddiaçı şəxsiyyət vəsiqəsində isə onun yaşayış yeri kimi Goranboy rayonu, Yeni Qızılca ərazi dairəsi, Yeni Qızılca kəndi göstərildiyindən, həm MPM-nin 35.1-ci maddəsinin, həm də MPM-nin 36.5-ci maddəsinin tələbləri baxımından mövcud iddia tələbinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Goranboy Rayon Məhkəməsində ya da Göygöy Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar