Məhkəmə qərarları › İş №2(043)-1929/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1929/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1929/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 3120 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3150 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********41059 Xiaomi Mi A2 Lite 3 markalı telefon, Samsung markalı LED televizor almış və nəticədə 3120 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 552 manat (12 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********41059 Xiaomi Mi A2 Lite 3 markalı telefon üçün 718 (yeddi yüz on səkkiz) manat olmaqla ondan 552 manat ödənilməmiş hissə, 166 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2103 manat (12 ay x 154 manat +255 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün 2402 manat olmaqla, ondan 1848 manat ödənilməmiş hissə, 554 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 255 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00610268 nömrəli müqavilədən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 552 manat olan məhsul (Xiaomi Mi A2 Lite 3) üçün 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə ayda 46 manat ödəmək şərtilə almışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 00654073 nömrəli müqavilədən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 2103 manat olan məhsul (Samsung markalı LED televizor) üçün 255 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə ayda 154 manat ödəmək şərtilə almışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarında olan Maliyyə Ödəniş Cədvəlinə əsasən Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cuil tarixli müqavilələr üzrə cavabdeh cəmi 255 manat ödəniş etmiş, onun hal-hazırda 3120 manat (2400 manat əsas borc və 720 manat cərimə) ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyanın dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 166 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 554 manat dəbbə pulu (cərimə) tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və xx.xx.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulunu 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulunu isə 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2400 manat ödənilməmiş borc və 30 manat dəbbə pulu olmaqla, cəmi 2430 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 2400 manat əsas borc və 30 manat dəbbə pulu olmaqla, cəmi 2430 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul vəsaiti alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar