Məhkəmə qərarları › İş №2(043)-193/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-193/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-193/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı vəkili X2, Cavabdeh2 və onun vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı beh müqaviləsi əsasında pulun qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2018-ci il tarixli beh müqaviləsi üzrə ödədiyi 10000 (on min) manat pulun və ona yaşatdıqları fiziki və mənəvi zərər görə 10000 (on min) manat olmaqla, cəmi 20000 (iyirmi min) manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə verərək cavabdehlərdən müştərək qaydada xx.xx.2018-ci il tarixli beh müqaviləsinə əsasən 20000 (iyirmi min) manat pulun və vurulmuş mənəvi zərər görə 10000 (on min) manat olmaqla cəmi 30000 (otuz min) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə MPM-in 53-cü maddəsinə əsasən iddia həcminin artırılması kimi baxılmışdır. Eyni zamanda iddiaçı məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Çingiz Mustafayev küçəsində yaşadığı Turqut Ozal 82 ünvandakı evin giriş darvazasına bitişik qeyri-yaşayış binasının tikintisinə icazə verilməsini xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2017-ci il tarixli 1672 saylı sərəncamı ilə, onun bu müraciəti və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq ona Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Çingiz Mustafayev küçəsinin Turqut Ozal küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən 130 kv.m torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. ünvan 2 ünvanda yaşayan və həmin ünvanda qeydiyyatda olan Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 müxtəlif qurumlara çox saylı ərizə və teleqramlar göndərməklə ona mane olmağa çalışmış, inşaat işləri aparılarkən işləri dayandırmağa və başa çatmasına imkan verməməyə çalışmışlar. O, işə başlayan gündən Cavabdeh1 və Cavabdeh2 hər gün səs tonlarını yüksəldərək onun ünvanına qarğışlar tökmüş və nalayiq sözlər danışaraq onun şərəf və ləyaqətini alçaltmışlar və həmişə ona hədə-qorxu gələrək hər yerə aramsız olaraq şikayət edəcəklərini bildirmişlər. Onun inşa etdirdiyi qeyri-yaşayış sahəsi Çingiz Mustafayev küçəsində yerləşir və yaşadığı evin giriş darvazasına bitişikdir. Cavabdeh1 və Cavabdeh2 yaşadığı ev isə başqa küçədə, yəni İ.Əliyev küçəsində yerləşir və giriş darvazası da İ.Əliyev küçəsindədir. Çingiz Mustafayev küçəsi ilə İ.Əliyev küçəsinin kəsişməsindən 20-25 metr aralıdadır. Onun inşa etdiyi qeyri- yaşayış sahəsinin onlara heç bir aidiyyatı yoxdur. Onların yaşadığı məhlə evi dörd bir tərəfdən hasarın içərisindədir və giriş darvazaları da Çingiz Mustafayev küçəsi ilə İ.Əliyev küçəsinin kəsişməsindən 20-25 metr aralıdadır.Cavabdehlərin bu hərəkətləri və gündəlik qarğış tökmələri onu bezdirib, hər gün onu narahat edərək sağlamlığına zərər vururlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona mənəvi sarsıntılar yaşatmışlar, dəfələrlə stress keçirtmişdir.Bir neçə dəfə onlara bu işdən əl çəkərək mehriban qonşuluq münasibətləri saxlamağı təklif etmişdir. O,2018-ci ilin oktyabr ayında Cavabdeh2lə onun öz həyət evini ona satmasını razılaşmışlar. Ancaq Cavabdeh2 evinin sənədi alqı-satqı müqaviləsi bağlamaq üçün qaydasında olmamışdır. Buna görə də cavabdehlər bildirmişdirlər ki, evin vərəsəlik sənədlərini həll edib və sənədləri alqı-satqı müqavilləsi bağlanması üçün hazırlayacaqrlar və 2018-ci ilin noyabr ayı ərzində alqı-satqı müqaviləsi bağlanacaqdır. Aralarında olan razılaşmadan sonra o, 2018-ci ilin oktyabr ayında şahidlərin iştiraki ilə cavabdehlərə 10000 (on min) manat beh vermişdir. Cavabdeh2 evin sənədlərini düzəldərkən digər vərəsələrdən qardaşı ilə aralarında mübahisə yaranmış və bir il keçdikdən sonra sənədləri hazırlamışdır. Cavabdeh2 sənədləri hazır olanda artıq onun cavabdehin tələb etdiyi qədər pulu qalmamışdır. O, cavabdehə verdiyi 10000 manat behdən əlavə 100000 (bir yüz min) manat təklif etmişdir ki, aralarında alqı satqı müqaviləsi bağlansın. Cavabdehlər yenə də hədə-qorxu gələrək ondan evi yüksək qiymətə almasını tələb etmişlər. Lakin evin bazar qiymətinin aşağı düşməsi və onda onların tələb etdiyi məbləğdə pulu olmadığını bildirərək cavabdehlərə bildirmişdir ki, onların təqsiri nəticəsində alqı-satqı baş tutmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili X4 çıxışında tərəflər arasında alqı satqı müqaviləsinin baş tutmamasının səbəbini cavabdehər tərəfindən sənədləşmənin razılaşdırılmış müddətdə əldə etmədikləri ilə bağlı olduğunu göstərərək bildirdi ki, cavabdehlər iddiaçıdan beh alarkən alqı satqını 2018-ci ilin noyabr ayında bağlayacaqlarına söz versələr də evin sənədlərini 2019-cu ildə əldə etmişlər. Alqı satqı müqaviləsinin baş tutmaması cavabdehlərin məsuliyyətsizliyi nəticəsində olduğundan hesab edirlər ki, iddiaçı tərəfin ödədiyi 10000 manat behi cavabdehlər iki misli miqdarında 20000 manat olmaqla iddiasıya qaytarmalıdırlar. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, evini 150000 (bir yüz əlli min) manata iddiaçıya satmaq qərarına gəlmişdir. İddiaçı ilə aralarında 10000 (on min) manat pula dair beh müqaviləsi bağlanmışdır. Və iddiaçı həmin məbləği ona ödəmişdir. Həmin müddət ərzində, o, evin sənədlərini qaydasına salmışdır ki, alqı-satqı müqaviləsi bağlana bilsin. Lakin sənədlər hazır olduqdan sonra iddiaçı evin qiyməti ilə razılaşmamışdır. Beh müqaviləsində sənədlərin 2019-cu ilin noyabr ayınadək həll edilməsi nəzərdə tutulmuşdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili X7 cavabdehin izahatına uyğun çıxış edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 1672 nömrəli sərəncamının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Ç.Mustafayev küçəsinin T.Ozal küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən 130,0 kv/m torpaq sahəsində qeyri-yaşayış binasının yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir. xx.xx.2017-ci il tarixli, 36 nömrəli tikinti obyektinin istismarına icazə sənədinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən İddiaçı məxsus olan Ç.Mustafayev küçəsinin T.Ozal küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. xx.xx.2018-ci il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini almaq məqsədi ilə Cavabdeh2 şahidlərin iştirakı ilə 10000 (on min) manat beh vermiş, cavabdeh Cavabdeh2 tərəfindən alqı-satqının həyata keçirilməsi üçün evin vərəsəlik sənədlərinin noyabr ayınadək əldə olunacağı təqdirdə yerdə qalan 140000(bir yüz qırx min) manat iddiaçı tərəfindən ödənilməklə alqı satqı müqaviləsinin bağlanması tərəflər arasında razılaşdırılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(043)- 5513/2018 nömrəli qətnaməsinin surətindən görünür ki iddiaçı X3 cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 1 saylı notariat kontoruna qarşı «xx.xx.2018-ci il tarixli 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və vərəsəlik hüququnun tanınması» tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 1(104)-1876/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(043)-5513/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. MM-nin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. MM-nin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM-nin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. MM-nin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə ilk öncə iddia tələbinin behin qaytarılması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Göründüyü kimi iddiaçı ilə cavabdehlərdən Cavabdeh2 arasında xx xxxxxxx 2018-ci ildə beh müqaviləsi bağlanaraq İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini almaq məqsədi ilə Cavabdeh2 10000 (on min) manat beh vermiş, cavabdeh Cavabdeh2 tərəfindən alqı-satqının həyata keçirilməsi üçün evin vərəsəlik sənədlərinin noyabr ayınadək əldə olunacağı təqdirdə yerdə qalan 140000(bir yüz qırx min) manat iddiaçı tərəfindən ödənilməklə alqı satqı müqaviləsinin bağlanması tərəflər arasında razılaşdırılmışdır. İddiaçı iddia etmişdir ki, aralarında alqı satqı müqaviləsinin baş tutmamasının səbəbi cavabdeh tərəfindən sənədləşmənin razılaşdırılmış müddətdə əldə edilməmsi ilə bağlı olmuşdur.Cavabdeh tərəf isə iddia tələbini mübahisələndirərək sənədləşmənin 2018-ci ilin noyabr ayına kimi deyil 2019-cu ilin noyabr ayınadək əldə olunmasının razılaşdırılmasını göstərmişdir. Məhkəmə cavabdehin göstərdiyi dəlillə razılaşmayaraq qeyd edir ki, alqı-satqı müqaviləsinin bağlanması üçün sənədlərin bir il ərzində əldə edilməsi və bunun üçün iddiaçı tərəfindən cavabdehə 10000 manat beh verməsi işin hallarına uyğun deyildir.Belə ki, tərəflər arasında bağlanmış beh mqaviləsindən görünür ki, müqavilədə sənədlərin noyabr ayına kimi əldə edilməsi və alqı satqı müqavilənin noyabr ayında bağlanması qeyd olunmaqla iddiaçının qardaşı X6 məhz xx.xx.2018-ci il tarixli 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin nədən ibarət olması və sarsıntı keçirməsi ilə bağlı hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla Cavabdeh2 20000 (iyirmi min) manat pul alınaraq İddiaçı xeyrinə verilməli, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh2 20000 (iyirmi min) manat pul alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar