Məhkəmə qərarları › İş №2(043)-1955/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1955/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1955/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 2333 manat pul, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə bağladığı 03.09.2019 və 24.02.2020-ci il tarixli müqavilələrə əsasən X4 markalı telefon və LG markalı soyuducu almış və nəticədə 2333 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 03.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 444 manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan X4 markalı telefon üçün 288 manat olmaqla ondan, 222 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu; 24.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1681,2 manat (18 ay x 93,4 manat + 0 manat ilkin ödəniş) olan LG markalı soyuducu üçün 2045 manat olmaqla, ondan 1681 manat ödənilməmiş hissə, 363,8 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 222 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddia ərizəsində göstərilən müqavilələr onunla iddiaçı arasında bağlanılsa da, həmin müqavilələrdə qeyd edilən əşyaları qonşusu almışdır. Belə ki, o həmin müqavilələri qonşusunun xahişi ilə bağlamışdır. Aralarında olan şifahi razılığa əsasən müqavilələr üzrə ödənişləri həmin qonşusu ödəməli idi. Anası vəfat etdiyi üçün müqavilələr üzrə yaranmış borcun ödənilib-ödənilməməsi ilə maraqlana bilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 03.09.2019-cu il tarixli № 00886099 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 444 manat olan məhsulu (X4 markalı telefon) ilkin ödəniş etmədən, aylıq ödəniş 37 manat olmaqla 12 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 24.02.2020-ci il tarixli № 20124469 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 1681,2 manat olan məhsulu (LG markalı soyuducu) ilkin ödəniş etmədən, aylıq ödəniş 93,4 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 03.09.2019 və 24.02.2020-ci il tarixli müqavilələr üzrə cavabdeh cəmi 222 manat ödəniş etmiş, onun hal-hazırda 2333 manat (1903,2 manat əsas borc və 429,8 manat cərimə) ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 08.01.2021-ci il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında alqı-satqı müqavilələri əsasında alınmış əşyaları qonşusuna verdiyini, həmin müqavilələri qonşusunun xahişi əsasında bağladığını bildirsə də, bu hal onun müqavilə üzrə öhdəliklərinin icrasından azad edilməsi üçün əsas vermir. Çünki, cavabdeh öz iradəsi əsasında bu müqavilələri bağlamış və üzərinə öhdəlik götürmüşdür. Onun həmin müqavilələr əsasında aldığı əşyaları başqasına verməsi, müqavilə üzrə aldığı əşyaların dəyərinin ödənilməsi vəzifəsindən onu azad etmir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 03.09.2019-cu il tarixli müqavilə üzrə 66 manat; 24.02.2020-ci il tarixli müqaviləyə üzrə isə 363,8 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun 03.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat; 24.02.2020-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 1903,2 manat ödənilməmiş borc və 60 manat dəbbə pulu olmaqla, cəmi 1963,2 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 03.09.2019 və 24.02.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 1903,2 manat əsas borc və 60 manat cərimə olmaqla, cəmi 1963,2 manat (min doqquz yüz altmış üç manat iyirmi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar