Məhkəmə qərarları › İş №2(043)-1964/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1964/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1964/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 621 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 651 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə bağladığı 22.09.2018-ci il, 15.10.2019-cu il və 24.01.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********55103 olan «Hoffman Neo A900» markalı telefon, İMEi kodu **********52856 olan “Xiaomi Mi play” markalı telefon və İMEİ kodu **********42655 olan «Xiaomi Redmi 8A» markalı telefon almış, nəticədə 621 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.09.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 480 manat (24 ay x 20 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********55103 olan «Hoffman Neo A900» markalı telefon üçün, ümumilikdə 154 manat olmaqla ondan, 140 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 manat cərimə; 15.10.2019-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 456 manat olan (12 ay x 33 manat + 60 manat ilkin ödəniş) İMEi kodu **********52856 olan “Xiaomi Mi play” markalı telefon üçün ümumilikdə, 180 manat olmaqla, ondan 164 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 manat cərimə; 24.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 310.8 manat (12 ay x 25.9 manat + 0 manat ilkin ödəniş) **********42655 olan « Xiaomi Redmi 8A» markalı telefon üçün, ümumilikdə 287 manat olmaqla ondan, 260.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.2 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 682 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22.09.2018-ci il tarixli, 00305594 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 480 manat olan əşyanı («Hoffman Neo A900» markalı telefon) Cavabdeh dəyərini “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 20 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 15.10.2019-cu il tarixli, 00983639 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 456 manat olan əşyanı (“Xiaomi Mi play” markalı telefon) Cavabdeh 60 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 33 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 24.01.2020-ci il tarixli, 20057016 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 310.8 manat olan əşyanı (İMEİ kodu **********42655 olan («Xiaomi Redmi 8A») Cavabdeh dəyərini “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 25.9 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış 22.09.2018-ci il, 15.10.2019-cu il və 24.01.2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh cəmi 682 manat ödəniş etmiş, onun hal-hazırda 621 manat (564,8 manat əsas borc, 56.2 cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 564,8 manat əsas borc, 56,2 olmaqla, cəmi 621 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22.09.2018-ci il, 15.10.2019-cu il və 24.01.2020-ci tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 564,8 manat əsas borc və 56,2 manat faiz borcu olmaqla, cəmi 621 (altı yüz iyirmi bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar