Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1980/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 İlham oğlu və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 İlham oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 16.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3835,61 manat əsas borc, 347,41 manat faiz borcu, 94,31 manat cərimə, cəmi 4277,33 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 25 faizlə 30 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 İlham oğlu və Cavabdeh2 ilə Bank arasında 16.07.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.04 2021-ci il tarixədək Cavabdeh1 16.07.2019cu il tarixli kredit müqaviləsi üzrə banka 3835,61 manat əsas borc, 347,41 manat faiz borcu, 94,31 manat cərimə, cəmi 4277,33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək bankın iddiasının 27.04.2021-ci il tarixə olan borcu əhatə etdiyini, hazırda həmin dövrdən indiyədək 145 gün keçdiyini və faiz borcunun artdığını bildirərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 İlham oğlu və Cavabdeh2 müştərək qaydada 16.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 3835,61 manat əsas borc, 730,21 manat faiz borcu, 94,31 manat cərimə, cəmi 4660,13 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindən də göründüyü kimi cavabdehlərin 27.04.2021-ci il tarixə banka olan faiz borcu 322,19 manat olmuşdur. Eyni zamanda həmin rəydə sonuncu ödənişin edildiyi 25.12.2020-ci il tarixdən sonra əsas borc məbləğinin 3802,89 manat olduğu, bu məbləğdə əsas borca gündəlik hesablanan faiz məbləğinin isə 2,64 manat olması göstərilir. 25.12.2020-ci tarixdən sonra cavabdehlə tərəfindən hər hansı ödənişin olunmaması, müqavilə müddətinin hələ də başa çatmaması nəzərə alınmaqla 27.04.2021-ci il tarixdən keçən 145 gün müddət üçün hesablanan 382,80 manat faiz borcu da cavabdehlərdən tutulmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 İlham oğlu və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 16.07.2019-cu il tarixli 10-MY-2-0-456-19 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında illik 25 faiz ödənilməsi şərti ilə 30 ay müddətinə 5000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış və borcun qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən borcalan tərəfindən 12 ay ərzində ödənişlər 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə kreditor verdiyi kreditin ona hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına əlavə edilmiş 16.07.2019-cu il tarixli 10-MY-2-0-456-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 İlham oğlu və Cavabdeh2 Mərdan qızı Cavabdeh1 16.07.2019-cu il tarixli 10-MY-2-0-456-19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 16.07.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 5000 manat pul verilmişdir. İş materiallarına əlavə edilmiş 27.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 iyul 2019-cu il tarixli 10-MY-2-0-456-19 nömrəli kredit müqaviləsi üzrə borcu 3835,61 manat məbləğində əsas borc, 347,41 manat faiz borcu və 94,31 manat cərimə olmaqla, cəmi 4277,33 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 26.08.2021-ci il tarixli, 9/5195 saylı rəydən görünür ki, 27 aprel 2021-ci il tarixinə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 3802,89 manat, faiz borcu 322,19 manat təşkil edir. Rəydəki cədvələ əsasən sonuncu ödənişin edildiyi 25.12.2020-ci il tarixə əsas borc məbləği 3802,89 manat, həmin borca uyğun gündəlik faiz borcu isə 2,64 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 16.07.2019-cu il tarixdə illik 25 faizlə 30 ay müddətinə kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427,470 və 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdən əlavə olaraq ödəniş etməsi barədə sübut təqdim etməmişdir. Bununla yanaşı müəyyən edilir ki, ekspert tərəfindən cavabdehin banka olan borcu əsas borc üzrə 3802,89 manat, faiz borcu 322,19 manat təşkil edir. Məhkəmə əsas borcunun tutulması hissəsində qeyd edir ki, iddiaçının tələb etdiyi əsas borc məbləği ekspert rəyi ilə təkzib edilir. Azərbaycan Republikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İddiaçı ekspertin rəyində qeyd edilən əsas borcu ilə iddia tələbindəki əsas borcu arasındakı fərqə izah gətirə bilməmişdir. Bu baxımdan məhkəmə ekspert rəyini şübhə altına almaq üçün hər hansı əsas görmür. Buna görə də əsas borc məbləği ekspert rəyində göstərilmiş miqdarda, 3802,89 manat tutulmalıdır. Məhkəmə faiz borcunun tutulması hissəsində qeyd edir ki, iddia tələbindəki faiz borcu 347,41 manatdır. Ekspert tərəfindən 27.04.2021-ci il tarixə faiz borcu 322,19 manat hesablanmışdır. Eyni zamanda rəydə 3802.89 manat əsas borca gündəlik hesablanan faiz məbləğinin 2,64 manat olması qeyd olunmuşdur. Həmin tarixdən sonra əsas borcdan ödəniş edilməmişdir. Bu halda iddiaçı maliyyə arayışının verildiyi tarixdən sonrakı 145 gün (iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim olunan günə kimi) üçün 382,80 manat (hər gün üçün 2,64) manat faiz borcunu əlavə olaraq tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd etdiyi mövqeyinə əsasən ekspert tərəfindən 27.04.2021-ci il tarixə hesablanmış 322,19 manat faiz borcunun və sonrakı 145 gün üçün 382,80 manat faiz borcunun, ümumilikdə 704,99 manat faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, dəbbə pulunun məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kredit müqaviləsinin 5.2-ci bəndində kredit ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun miqdarı ödənilməli olan müqavilə ilə müəyyən edilmiş faizlərin iki misli olaraq müəyyən edilmişdir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əldən çıxmış fayda formasında illik beş faiz hesabı ilə məbləğin də tutulmasını nəzərə alaraq əlavə olaraq yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 94,31 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 124.1-ci maddələrinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə cavabdehlərdən, 100 manat məbləğində ekspertiza xərci isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 İlham oğlu və Cavabdeh2 16.07.2019-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3802,89 manat əsas borc, 704,99 manat faiz borcu, 30 manat dəbbə pulu, cəmi 4537,88 manat (dörd min beş yüz doxsan üç manat on qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1980/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1980/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver