Məhkəmə qərarları › İş №2(043)-1993/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1993/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1993/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 186,7 manat əsas borc, 55,2 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 241,90 manat borcun, 0,40 manat xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 30 % olmaq şərtilə 60 ay müddətinə, kreditin ilkin limiti 500 AZN təyin edilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-cı maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Lakin, cavabdeh Müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 186,7 AZN əsas, 55,2 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon, cəmi 241,90 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “Bank” “Borcalana” 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), xx.xx.2021-ci il tarixədək 500 (beş yüz) manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "Bank” a qaytarmağı öhdəsinə götürür. Plastik kartda olan kredit xətti yalnız müştərinin kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur. Məsələn: kartda 1000 manat xəttdir. 500 manat isə şəxsi vəsait. Müştəri 650 manat vəsait istifadə etdiyi təqdirdə 500 manat şəxsi vəsaitindən silinir, 150 manat isə kredit xəttindən. Bu zaman istifadə olunmuş kredit xəttindən istifadəyə görə minimum 3 % maksimum 5 % nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı müştəri tərəfindən əlavə olaraq ödənilir. Plastik kartdan POS terminal vasitəsilə istifadə zamanı müştəri taksitli (hissələrlə) və ya adi alış-veriş etmək barədə seçim edir və bu zaman seçimə görə müştəri şəxsən məsuliyyət daşıyır. Taksitli alış-veriş üçün komissiya haqqı tətbiq edilə bilər. Plastik kartın istifadə müddəti 60 aydır. Müqavilənin 8.3-cü bəndinə əsasən, “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. 05 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 05 may 2022-ci il tarixə borcalan Cavabdehnın 4073tkKPZ/14 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan borcu 186,7 manat əsas borc, 55,2 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 241,90 manat müəyyən edilir. 25 fevral 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 0,40 manat xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 186,7 manat əsas borc, 55,2 manat faiz borcu olmaqla, cəmi 241,90 (iki yüz qırx bir manat doxsan qəpik) manat məbləğində borc, 0,40 manat xidmət haqqı və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar