Məhkəmə qərarları › İş №2(043)-200/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-200/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-200/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən x xxxx 2019-cu il tarixli, GNNPU-1923 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7109,86 manat, faiz borcuna görə 202,84 manat, cərimə məbləği üzrə 0 manat olmaqla, cəmi 7312,7 manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh arasında bağlanmış x xxxx 2019-cu il tarixli, GNNPU-1923 saylı kredit müqaviləsinə əsasən illik 19 faiz dərəcəsi olmaqla 36 ay müddətinə cavabdehə 10000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq x xxxx 2019-cu il tarixdə İddiaçı ASC-nin Gəncə filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borclu kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin x xxxx 2019-cu il tarixli, GNNPU-1923 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 7109,86 manat, faiz borcuna görə 202,84 manat olmaqla, cəmi 7312,7 manat təşkil edir. Beləliklə, borclu kredit müqaviləsinin bu şərtini pozaraq ödənişi dövri olaraq ödəməli olduğu kreditin, kredit faizinin və cərimənin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 x xxxx 2019-cu il tarixli, GNNPU-1923 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4832,24 manat, faiz borcuna görə 288,05 manat, cərimə məbləği üzrə 0 manat olmaqla, cəmi 5120,29 manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadığından bildirişlərin cavabdehlərə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən bildirişi təqdim edilməsi üçün cavabdehlərin yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərərək işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş x xxxx 2019-cu il tarixli, GNNPU-1923 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 10000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASC -nin xəzinadarlığından 10000 manat pulu götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə x xxxx 2019-cu il tarixli, GNNPU-1923 saylı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə olan borcu 4832,24 manat, faiz borcuna görə 288,05 manat, cərimə məbləği üzrə 0 manat olmaqla, cəmi 5120,29 manat məbləğində pul öhdəliyi yaranmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli GNNPU-1923 saylı zaminlik müqaviləsindən görünür ki, İbrahimov X1 Nadir Valeh oğlunun xx.xx.2019-cu il tarixli GNNPU-1923 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas kredit borcuna görə 4832,24 manat, faiz borcuna görə 288,05 manat olmaqla, cəmi 5120,29 manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4832,24 manat ödənilməmiş əsas borc, 288,05 manat faiz borcu olmaqla ümumilikdə 5120,29 (beş min yüz iyirmi tam yüzdə iyirmi doqquz) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar