Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-200/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 006A********** saylı kredit müqaviləsi üzrə 680,37 manat əsas borc, 7,16 manat faiz borcu və 283,01 manat cərimə məbləği, 006A********** saylı kredit müqviləsi üzrə 4134,74 manat əsas, 37,46 manat faiz borcu və 1809,73 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6952,47 manat məbləğində borcun və iş üzrə ödənilmiş 89,52 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 11.07.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 680,37 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 11.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün əsas və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 680,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, əsas və faiz borcunu Kreditora qaytarmadığı üçün 23.09.2021-ci il tarixə 408 gün üçün hesablanmış faiz borcu 7,16 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 23.09.2021-ci il tarixə 408 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 283,01 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh İddiaçı QSC ilə 11.07.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4245,29 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə aylıq üçün ödənilməsi planlaşdırılmamış kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 110,55 manat ödəniş etmiş və onun iddiaçıya 4134,74 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz, həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 23.09.2021-ci il tarixə 377 gün üçün hesablanmış faiz borcu 37,46 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qavtarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 23.09.2021-ci il tarixə 377 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1809,73 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planına uyğun olaraq hissəhissə qaytarmaq şərti ilə 680,37 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planına uyğun olaraq hissəhissə qaytarmaq şərti ilə 4134,74 manat məbləğində kredit verilmişdir. Müqavilələrin eyni məzmunlu 4.2.2-ci bəndində göstərilir ki, bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faiz məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmaması şərtilə cərimə ödəməyə borcludur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 30.09.2021-ci il tarixə 11.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 4134,74 manat əsas borc, 37,46 manat faiz borcu, 1809,73 manat cərimə borcu, cəmi 5981,93 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 30.09.2021-ci il tarixə 11.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 680,37 manat əsas borc, 7,16 manat faiz borcu və 283,01 manat dəbbə pulu olmaqla, cəmi 970,54 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilələrin şərtlərinə əsasən borc alan alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə dövri olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə dəbbə pulunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği müqavilə şərtlərinə uyğun deyildir. Belə ki, dəbbə pulunun miqdarını müəyyən edən müqavilələrin 4.2.2-ci bəndindən görünür ki, cavabdeh hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi miqdarında dəbbə pulu ödəməli olsa da hər bir halda bu məbləğ bütün müqavilə müddəti üçün kredit qalığının 0,1 faizindən artıq ola bilməz. Belə olan halda gecikmə günlərinin sayından asılı olmayaraq iddiaçının 680,37 manat kredit qalığı üçün tələb edə biləcəyi maksimal məbləğ həmin məbləğin 0,1 faizindən, yəni 0,68 manatdan, 4134,74 manat kredit qalığı üçün tələb edə biləcəyi maksimal məbləğ həmin məbləğin 0,1 faizindən, yəni 4,13 manatdan artıq ola bilməz. Buna görə də məhkəmə cavabdehdən 006A********** saylı müqavilə üzrə 0,68 manat, 006A********** saylı kredit müqaviləsi üzrə 4,13 manat dəbbə pulunun tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli, 006A********** kredit müqaviləsinə əsasən cavabdehdən 680,37 manat əsas borc, 7,16 manat faiz borcu və 0,68 manat dəbbə pulu olmaqla, cəmi 688,21 manat, 006A********** saylı kredit müqaviləsi üzrə 4134,74 manat əsas borc, 37,46 manat faiz borcu və 4,13 manat dəbbə pulu olmaqla, cəmi 4176,33 manat, ümumilikdə iki müqavilə üzrə 4864,54 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 89,52 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 62,66 manat hissəsinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 680,37 manat əsas borc, 7,16 manat faiz borcu və 0,68 manat dəbbə pulu olmaqla, cəmi 688,21 manat, 006A********** saylı kredit müqaviləsi üzrə 4134,74 manat əsas borc, 37,46 manat faiz borcu və 4,13 manat dəbbə pulu olmaqla, cəmi 4176,33 manat, ümumilikdə iki müqavilə üzrə 4864,54 manat (dörd min səkkiz yüz altmış dörd manat, əlli dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62,66 manat (altmış iki manat, altmış altı qəpik) pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-200/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-200/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver