Məhkəmə qərarları › İş №2(043)-2008/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2008/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2008/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi uzun müddətdir ki, tanıyır. Onların bir-birinə qarşı yaxşı münasibəti olmuşdur. 17.05.2017-ci il tarixdə ondan 3000 manat borc pul istəmiş, o da həmin pulu verməyə razılaşmış və aralarında olan bu razılaşmanı notarial qaydada rəsmiləşdirmək qərarına gəlmişlər. Bunun üçün Gəncə şəhəri 6 saylı Notariat Kontorasına gedərək, reyestrdə 3M-24 №-saylı icra qeydiyyatı ilə Kredit Müqaviləsi bağlamışlar. Müqaviləyə görə cavabdeh ondan borc aldığı pulu 17.09.2017-ci il tarixdən hissə-hissə bir il müddətinə qaytarmalı idi. Lakin, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmağa başladı. O, verdiyi pulun geri alınması üçün nə qədər cəhdlər etsə də, cavabdeh onun cəhdlərinə məhəl qoymamışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat kontorunda İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 17.05.2017-ci il tarixli kredit müqaviləsinin 1-ci və 2-ci bəndlərindən görünür ki, borcverən borcalana 3000 (üç min) manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği 17.09.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı iddia ərizəsində qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən o, cavabdehə 3000 manat borc vermiş və həmin borcu bugünədək qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 3000 manat məbləğində pulun Cavabdeh verilməsini təsdiq edən sübutu, yəni notarial qaydada bağlanmış müqaviləni məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaçıya olan 3000 manat borcunu və ya onun bir hissəsini qaytarması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 3000 manat məbləğində pulu cavabdehə borc kimi vermiş, lakin cavabdeh öhdəliyin icrası müddətinin başa çatmasına baxmayaraq, müqavilə üzrə öhdəliyini icra etməmiş, borc kimi aldığı pul məbləğini iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı cavabdehə borc kimi verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar