Məhkəmə qərarları › İş №2(043)-2039/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2039/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2039/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 569 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 17.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 288 manat (18 ay x 16 manat + 0 manat ilkin ödəniş) olan “Lara” mətbəx dəsti üçün 106 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 116 manat borcu vardır. Cavabdehin "xxxx" MMC ilə bağladığı 11.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 326,4 manat (12 ay x 27,2 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********04638 olan “Xiaomi Redmi 8A” markalı telefon üçün 216,4 manat ödənilməmiş hissə, 21,6 manat dəbbə pulu, cəmi 326,4 manat borcu vardır. Cavabdehin "xxxx" MMC ilə bağladığı 14.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 442,4 manat (12 ay x 36,7 manat + 2 manat ilkin ödəniş), İMEİ kodu **********73504 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 195,4 manat ödənilməmiş hissə, 19,6 dəbbə pulu, cəmi 215 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 539 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 17.11.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 288 manat olan “LARA” mətbəx dəstini nisyə qaydada almış, ayda 16 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 326,4 manat, İMEİ kodu **********04638 olan “Xiaomi Redmi 8A” markalı telefonu nisyə qaydada almış, ayda 27,2 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 442,4 manat, İMEİ kodu **********73504 olan “Samsung Galaxy A20s” markalı telefonu ilkin 2 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 36,70 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17.11.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 182 manat ödəmiş, 106 manat borcu qalmışdır. Ödənişlərin 150 gün gecikdirilməsinə görə 10 manat dəbbə pulu hesablanmışdır. 11.01.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 110 manat ödəmiş, 216,4 manat borcu qalmışdır. Ödənişlərin 240 gün gecikdirilməsinə görə 21,6 manat dəbbə pulu hesablanmışdır. 14.03.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 247 manat ödəmiş, 195,4 manat borcu qalmışdır. Ödənişlərin 180 gün gecikdirilməsinə görə 19,6 manat dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Cavabdeh öz öhdəliklərini icra etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin müqavilələrdə gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı dəbbə pulu məbləğləri müvafiq müqavilələrin şərtlərinə uyğundur və gecikdirilmiş məbləğlərə mütənasibdir. Buna görə də dəbbə pulunun tutulması hissəsində də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 17.11.2019-cu il tarixli müqavilə üzrə 106 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 11.01.2020-ci il tarixli müqavilə üzrə 216,4 manat ödənilməmiş hissə, 21,6 manat dəbbə pulu, 14.03.2020-ci il tarixli müqavilə üzrə 195,4 manat ödənilməmiş hissə, 19,6 manat dəbbə pulu olmaqla, ümumilikdə 569 (beş yüz altmış doqquz) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar