Məhkəmə qərarları › İş №2(043)-2042/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2042/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2042/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2457 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə bağladığı 20.12.2018, 09.02.2020 və 13.04.2020-ci il tarixli müqavilələrə əsasən “Samsung” LED markalı televizor və paltaryuyan, İMEİ kodu **********33005 olan İPhone 8 markalı telefon və İMEİ kodu **********67799 olan “X4 8” markalı telefon almış və nəticədə 2457 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 20.12.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2376 manat (18 ay x 132 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” LED markalı televizor və paltaryuyan üçün 670 manat olmaqla ondan, 512 manat ödənilməmiş hissə, 158 manat dəbbə pulu; 09.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1611 manat (14 ay x 99 manat + 225 manat ilkin ödəniş) İMEİ kodu **********33005 olan “İPhone” 8 markalı telefon üçün 1255 manat olmaqla ondan, 958 manat ödənilməmiş hissə, 297 manat dəbbə pulu; 13.04.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 516 manat (12 ay x 37.5 manat + 66 manat ilkin ödəniş) olan İMEİ kodu **********67799 olan “X4 8” markalı telefon üçün 532 manat olmaqla, ondan 410 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2623 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 20.12.2018-ci il tarixli № 00426670 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 2376 manat olan məhsulu (Samsung LED televizor və paltaryuyan) ilkin ödəniş etmədən, aylıq ödəniş 132 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 09.02.2020-ci il tarixli 20089387 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 1611 manat olan məhsulu (“İPhone 8” markalı telefon) 225 manat ilkin ödəniş etməklə, aylıq ödəniş 99 manat olmaqla 14 ay müddətinə ödəmək şərti ilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 13.04.2020-ci il tarixli № ********* nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 516 manat olan məhsulu (“X4 8” markalı telefon) 66 manat ilkin ödəniş etməklə, aylıq ödəniş 37,5 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə almışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 20.12.2018, 09.02.2020 və 13.04.2020-ci il tarixli müqavilələr üzrə cavabdeh cəmi 2623 manat ödəniş etmiş, onun hal-hazırda 2457 manat (1880 manat əsas borc və 577 manat cərimə) ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 18.12.2020-ci il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 20.12.2018-ci il tarixli müqavilə üzrə 158 manat; 09.02.2020-cu il tarixli müqavilə üzrə 297 manat; 13.04.2020-ci il tarixli müqavilə üzrə isə 122 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun 20.12.2018-cu il tarixli müqavilə üzrə 30 manat; 09.02.2020-cu il tarixli müqavilə üzrə 50 manat; 13.04.2020-cu il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 1880 manat ödənilməmiş borc və 100 manat dəbbə pulu olmaqla, cəmi 1980 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20.12.2018, 09.02.2020 və 13.04.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 1880 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 1980 (min doqquz yüz səksən) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar