Məhkəmə qərarları › İş №2(043)-2048/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2048/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2048/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan X1 onun himayəsində qalması, azyaşlının saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi və bundan 3 il əvvəlki dövr üçün, yəni 17 may 2018-ci ildən 17 may 2021-ci ilədək olan dövr üçün ödənilməmiş alimentlərin əvəzi olaraq 10800 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 06.09.2014-cü il tarixdə rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 23.06.2015-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Bir müddət normal yaşasalar da sonrdan cavabdehlə aralarında anlaşılmazlıq olması, xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində 2016-cı ilin iyun ayından ayrılmışlar. Bu müddət ərzində cavabdeh bir dəfə də olsun ata kimi övladı ilə maraqlanmayıb və uşağın inkişafı üçün çəkilən heç bir xərcdə iştirak etməyib. Ona görə də məcbur olub cavabdehdən uşağın saxlanılması üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, cavabdehlə uşaqlarının bir yaşı olanda ayrıldıqlarını, cavabdehin həmin vaxtdan sonra heç vaxt onlarla maraqlanmadığını, cavabdehlə barışıb ailəni bərpa edəcəklərinə ümid etdiyini, buna görə də cavabdehdən aliment tələb etmədiyini bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, iddianı aliment hissəsində qismən qəbul edir, belə ki, o, 470 manat əmək haqqı alır və yetkinlik yaşına çatmamış uşağının saxlanılması üçün hər ay 150 manat aliment ödəməyə razıdır. Lakin, əvvəlki üç il üçün aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçı əvvəllər ondan aliment tələb etməyib. O, bir neçə dəfə iddiaçı ilə görüşüb uşağını görmək istəsə də iddiaçı buna razı olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 iyun 2015-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Əsli məhkəmə iclasında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06.09.2014-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı cavabdehin təqdim etdiyi əlavə gəlirləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, cavabdeh ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, 23 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutulub İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 18.05.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iddiaçının 3 il əvvəlki dövr üçün ödənilməmiş alimentlərin əvəzi olaraq 10800 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Alimentin tələb edildiyi vaxtdan əvvəlki dövr üçün alimentin tutulması o halda mümkündür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl alimentin alınması üçün tədbirlər görsün və cavabdeh aliment ödəməkdən boyun qaçırsın. Lakin, iddiaçı bu barədə sübutlar təqdim etməmiş, əksinə bildirmişdir ki, o, indiyədək cavabdehdən hər hansı formada aliment tələb etməmişdir. Belə olan halda alimentin məhkəməyə müraciət edilməsindən əvvəlki dövr üçün tutulması mümkün deyildir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 18 may 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qərtnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar