Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2051/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.04.2007-ci il təvəllüdlü X1 və 08.03.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 200 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə aralarında olan nikah pozulmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 2(043)-1826/2011 nömrəli qətnaməsi ilə iki uşağın hər birinə hər ay 50 manat, 2015ci ildə isə 85 manat aliment müəyyən olunmuşdur. Hazırda uşaqlar böyümüş, onların tələbatı artmışdır, uşaqların minimum tələbatlarının ödənilməsində çətinlik çəkir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, alimentin məbləğinin artırılmasını istəyir. Lakin, cavabdehin yüksək qazancı və gəlirləri barədə heç bir məlumatı və sübutu yoxdur. O, hər uşaq üçün 200 manat ,cəmi 400 manat məbləğində aliment tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, indiyədək heç bir yerdə işləməmiş, bu yaxınlarda avtomaşınların yuyulma məntəqəsində işə düzəlmişdir. O, hər uşaq üçün hər ay 100 manat, cəmi 200 manat məbləğində pul ödəyə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 noyabr 2011-ci il tarixli, 2(043)-1826/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 06.10.2011-ci il tarixdən etibarən, 11.04.2007-ci il təvəllüdlü X1 və 08.03.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 iyul 2015-ci il tarixli, 2(043)- 3200/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 11.04.2007-ci il təvəllüdlü X1 və 08.03.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 85 (səksən beş) manat olmaqla cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 260813 nömrəli və AZ-İ seriyalı, 922572 doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 11 aprel 2007-ci il tarixdə, X5 08 mart 2009-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Ataları- Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 130932 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah 02.02.2015-ci il tarixində ləğv edilmiş, nikah pozulduqdan sonra ərə Hacıyev, arvada İsmayılova soyadları verilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş 15 iyul 2015-ci il tarixli, 2(043)-3200/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 11.04.2007-ci il təvəllüdlü X1 və 08.03.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 85 (səksən beş) manat olmaqla cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş cəmi 170 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cavabdehin gəlirlərinin yüksən olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə heç bir yerdən stabil gəliri olmadığı üçün alimenti ödəməkdə çətinlik çəkdiyini və hazırda alimentin qaldırılması ilə qismən razı olduğunu bilirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-cu il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, cavabdehin gəlirləri və daimi olaraq stabil qazanca sahib olması barədə sübutlar məhkəməyə təqdim edilməməsi ilə yanaşı, hazırda hər uşaq üçün müəyyən edilən 85 manat məbləğində aliment 2015-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilməsi, həmin tarixdən altı ilə yaxın vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin rəsmi nikahlarından doğulmuş 11.04.2007-ci il təvəllüdlü X1 və 08.03.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 iyul 2015-ci il tarixli, 2(043)-3200/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşağa 85 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 110 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 1320 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 iyul 2015-ci il tarixli, 2(043)- 3200/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 11.04.2007-ci il təvəllüdlü X1 və 08.03.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2051/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2051/2021
17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver