Məhkəmə qərarları › İş №2(043)-2055/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2055/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2055/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qismində "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 28548 (iyirmi səkkiz min beş yüz qırx səkkiz) ABŞ dolları - bundan 16239 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, 10519 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1790 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin qismində "ROVAL” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin kimlərə yönəlməsinin aydın olmadığı müəyyən edilmişdir. Belə ki, iddia tələbinin ifadə formasından da göründüyü kimi iddiaçı Cavabdeh və Zamin qismində "ROVAL” Məhdud Məsuliyyətli Cəmiyyətindən pul tələb edir. Bu halda ikinci cavabdehin Zamin, yoxsa "xxxx" MMC olması, yaxud onların hər ikisinin cavabdeh olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə uyğun olaraq hakim verilmiş tələb üzrə qətnamə çıxarmalıdır. Hazırkı tələbə əsasən isə cavabdehi dəqiq müəyyən etmək mümkün deyildir. Qeyd olunan nöqsan 09 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmış və nöqsanın aradan qaldırılması üçün növbəti məhkəmə iclasınadək, yəni 28 sentyabr 2021-ci il tarixədək vaxt müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, işlərin çoxluğu səbəbindən müəyyən edilmiş müddətdə iddia ərizəsindəki nöqsanı aradan qaldıra bilmədiklərini bildirmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263-264, 267-268-cı maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qismində "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar