Məhkəmə qərarları › İş №2(043)-2060/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2060/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2060/2020 14.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dairiddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən ona dəymiş maddi ziyan olaraq 1300 manat, mənəvi zərər olaraq 1500 manat, cəmi 2800 manat məbləğində pulun və ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayında Şəki şəhərində açılacaq restoran üçün reklam plakatları sifariş etmək istəmişdir. Bunun üçün İnstagram sosial şəbəkəsində axtarış etdikdə qarşısına Cavabdeh məxsus reklam plakatlarının sifariş ilə bağlı səhifə çıxmış və cavabdehlə orada danışmağa başlamışdılar. Daha sonra Whatsapp nömrəsini ona vermiş, orada danışıqlar zamanı ona lazım olan plakatları dekabr ayının 13-də cəmi 1000 (min) manata hazır edəcəyi ilə bağlı razılığa gəlmişdilər. Cavabdeh, ondan ilkin olaraq 600 (altı yüz) manat pul istəmiş, o da 2019-cu ilin dekabr ayının 6-da cavabdehə “xxxxxxxxxxx” vasitəsilə 600 manat pul göndərmiş, sonra yenidən cavabdeh ondan 200 manat pul istəmiş və o da x xxxxxx 2019-cu ildə yenə həmin bank vasitəsilə pulu göndərmişdir. Cavabdehin dediyi vaxtda, xx xxxxxx 2019-cu ildə ona zəng vurduqda Şəmkirdə olduğunu bildirmiş və reklamın hazır edəcəyini, narahat olmamağını söyləmişdir. Daha sonra o yenidən cavabdehlə əlaqə saxlasa da, bir müddət onu aldadaraq işi hazır edəcəyini söyləsə də, sonradan zənglərinə cavab verməmişdir. X1 şəhərinə onu axtarmaq üçün gəlsə də, cavabdeh onunla üzləşməmişdir. Telefonda isə “nə edirsən et, verməyəcəm pulu və s” deyərək ondan qaçmışdır. O da cavabdehin etdiyi hərəkətlərlə bağlı X2 rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Polis İdarəsində işinə baxılmadığından yenidən bununla bağlı DİN-nin 102 xidmətinə şikayət etmişdir. Cavabdeh polis idarəsinə çağırılmış və orada polis əməkdaşı Vahid adlı şəxs ona pulunu qaytarmasını tələb etmiş, cavabdeh də pulun qaytaracağını bildirmişdir. Amma cavabdeh yenə də pulu qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə Kəpəz rayon polis İdarəsindən ona məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Dəfələrlə Mingəçevir şəhərindən Gəncə şəhərinə bununla bağlı xərc çəkərək gəlmişdir. Cavabdehin onunla telefonda kobud şəkildə danışıqları, pulu qaytarmayacağının deməsi, onda nervoloji problemlər yaratmış və xx xxxxxx 2020-ci il tarixdə, xx xxxx 2020-ci il tarixdə Mingəçevir şəhərində həkim qəbulunda olaraq reseptlər yazılaraq müalicə almışdır. Cavabdehin ucbatından əsəb və yuxu sistemi pozulmuşdur. Cavabdehin bu cür hərəkətlərindən dolayı 150 manatadək yol xərci, 350 manat isə dərmanlara pul ödəmişdir. Eyni zamanda xx xxxxxx 2020-ci il tarixdə obyektin açılışı olacağı təqdirdə, cavabdehin ucbatından, dekabrın 29-nadək obyekti aça bilməmiş, axırda 1500 manat müqabilində Bakı şəhərində plakatı başqa şəxsə düzəltdirmişdir. Obyektin gec açılması da ona həm mənəvi həm də maddi ziyan vurmuşdur. Sifarişlə bağlı isə cavabdehə 600 manat ilk olaraq, 200 manat isə daha sonra pul ödəmişdir. Buna görə də məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin ərizəyə cavab məktubundan görünür ki, Cavabdeh reklam sifarişi pul verməsinin, həmin pulun qaytarıb ala bilməməyi barədə müraciətə baxılmış və araşdırma zamanı müraciət mülki xarakter daşıdığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxx” ASC “Zolotaya korona” köçürmə qəbzlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cı il tarixdə 600 manat və xx.xx.2019-cu il tarixdə 200 manat məbləğində pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından verilmiş sənədlərdən görünür ki, İddiaçı həmin xəstəxanada həkim müayinəsində olmuşdur. İş materiallarına əlavə edilmiş dərman reseptlərindən görünür ki, İddiaçı müalicəsi ilə əlaqədar həkim tərəfindən müxtəlif dərman preparatları təyin olunmuşdur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh iddiaçının sifarişi əsasında reklam lövhəsinin düzəldilməsi üçün üzərinə öhdəlik götürmüş, bunun müqabilində iddiaçıdan 800 manat pul almış, lakin heç bir səbəb göstərmədən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Cavabdeh podrat müqaviləsi ilə şərtləndirilmiş işi yerinə yetirməkdən imtina etmiş, müqavilənin icrası üçün ona verilən pulu isə qaytarmamışdır. Belə olan halda iddiaçının öhdəliyin icrası üçün müddət təyin etməsinin heç bir nəticə verməyəcəyi aydın olduğundan iddiaçı müqavilədən imtina etməkdə və dəymiş zərərin əvəzinin ödənilməsində haqlıdır. İddiaçı ona vurulmuş maddi zərər kimi 1300 manat pulun qaytarılmasını tələb etmişdir. Bu puldan 800 manat sifarişin icrası üçün, 150 manat cavabdehdən şikayət etmək üçün Gəncə şəhərinə gəlməsi ilə bağlı yol xərci, 350 manat isə dərmanlara xərclədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi iddiaçının cavabdehə ödədiyi 800 manat pul əmlakından məhrum olması nəticəsində vurulmuş real zərər olsa da çəkdiyi yol xərci və dərman vasitələrinin alınması üçün çəkdiyi xərclər barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda bu xərclərin məhz hazırkı hadisə ilə bağlı pozulmuş hüququn bərpası ilə bağlı olması da öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, cavabdeh öhdəliyi icra etməkdən boyun qaçırdıqdan sonra eyni reklam lövhəsini Bakı şəhərində sifariş əsasında 1500 manata hazırlatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 451-ci maddəsinə əsasən borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. İddiaçı eyni məhsulu 1500 manat xərc çəkməklə başqa şəxsə icra etdirməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə cavabdehdən maddi zərər qismində yalnız 800 manat pulun tutulmasını əsaslı hesab edir. İddiaçının tələb etdiyi mənəvi zərərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi heç bir səbəb göstərmədən icra etməyərək iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Öhdəliyin icra edilməməsi müstəqil mülki hüquq pozuntusu olmaqla zərərin yaranmasına səbəb ola bilər. Öhdəliyini icra etməyən borclu bununla kreditora maddi zərər vura biləcəyi kimi, həm də mənəvi zərər vura bilər. Belə ki, müqavilələrin vicdanla yerinə yetirilməsi prinsipi müqavilə tərəfinə qarşı tərəfdən öhdəliyin vaxtında və lazımınca icra edilməsini gözləmək hüququ verir. Öhdəliyin hər hansı üzrlü səbəb olmadan icra edilməməsi isə təbii olaraq kreditorun mənəvi sarsıntı və gərginlik keçirməsinə səbəb olur. İddiaçının öhdəliyin icrası üçün dəfələrlə cavabdehlə əlaqə saxlaması, pulunu ödədiyi halda sifarişinin icra edilməməsi onun şüurunda mənfi təsirə səbəb olmuş və mənəvi zərərə məruz qoymuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hüquq pozuntusunun xarakterini, cavabdehin öhdəliyi pozmasının heç bir səbəbə bağlı olmamasını, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün sərf etdiyi vaxtı və zəhməti nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində 200 manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzi kimi 800 (səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar