Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2070/2022 16.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 821,40 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsində imzalayan qismində İddiaçı MMC-nin direktoru Emin Əsgərovun adı qeyd edilmiş və adın qarşısında faksimil imza qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Qeyd olunan normada imzalama dedikdə şəxsin məhz öz əli ilə icra etdiyi imzadan söhbət gedir. Faksimil imzadan istifadə edildikdə həmin imzanın səlahiyyətli şəxsə məxsus olmasını, beləliklə də imzanın səlahiyyətli şəxsin iradəsini əks etdirib-etdirməməsini müəyyənləşdirmək qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi prosessual qanunvericilikdə imzanın adi və elektron formaları nəzərdə tutulur. Lakin, faksimil imzanın tətbiq edilməsi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Göstərilən normanın məzmunundan belə məlum olur ki, əl imzasının prosessual qanunvericilik baxımından qəbul edilən yeganə alternativi müvafiq tələblərə cavab verən elektron imzadır. Digər imza növlərinin, o cümlədən faksimil imzanın hüquqi qüvvəsi yoxdur. Buna görə də hazırkı iddia ərizəsi imzalanmamış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2070/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2070/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver