Məhkəmə qərarları › İş №2(043)-2074/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2074/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2074/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üç müqavilə üzrə 2791 manat ödənilməmiş hissə, 700 manat cərimə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3521 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin, «xxxx» MMC ilə 19.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1206 manat (18 ay x 67 manat), Samsung LED televizor üçün 536 manat ödənilməmiş hissə, 161 manat cərimə borcu vardır. Cavabdehin, «xxxx» MMC ilə 12.09.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 348 manat (12 ay x 29 manat), İMEİ kodu **********65248 Samsung galaxy A10 markalı telefon üçün 203 manat ödənilməmiş hissə, 61 manat cərimə borcu vardır. Cavabdehin, «xxxx» MMC ilə 11.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2052 manat (18 ay x 114 manat) Samsung markalı soyuducu üçün 2052 manat ödənilməmiş hissə, 478 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 815 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, əvvəllər taksi sürücülüyü fəaliyyəti ilə məşğul olub və pandemiya şəraiti ilə əlaqədar ödənişləri dayandırmaq məcburiyyətində qalıb. Lakin bundan əvvəl ödənişləri hər ay vaxtında ödəyib. Qısa zamanda işə düzəlib borcunu ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 19.04.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1206 manat, Samsung LED televizoru nisyə qaydada almış, malın dəyərini ayda 67 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 348 manat olan Samsung galaxy A10 markalı telefonu 1 illik qızıl zəmanəti və quraşdırma xidməti ilə nisyə qaydada almış, malın dəyərini ayda 29 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 11.02.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 2052 manat olan Samsung markalı soyuducunu nisyə qaydada almış, malın dəyərini ayda 114 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.04.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 670 manat ödəmiş, 536 manat borcu qalmışdır. Ödənişlərin 240 gün gecikdirilməsinə görə 161 manat cərimə hesablanmışdır. 12.09.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 145 manat ödəmiş, 203 manat borcu qalmışdır. Ödənişlərin 210 gün gecikdirilməsinə görə 61 manat cərimə hesablanmışdır. 11.02.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən heç bir ödəniş etməmiş və 2052 manat borcu qalmışdır. Ödənişlərin 420 gün gecikdirilməsinə görə 478 manat cərimə hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı malların ümumi dəyərindən yalnız 815 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilə üzrə cavabdehdən aldığı malların dəyərinin qalığı qismində 2791 manat pulun tutulmasını əsaslı hesab edir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyin üçdə biri miqdarında dəbbə pulunun tutulması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 19.04.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu azaldılmalı və 20 manat məbləğində, 12.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat məbləğində və 11.02.2020-ci il tarixli müqavilə üzrə 80 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, üç müqavilə üzrə 2791 manat ödənilməmiş hissə, 110 manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19.04.2019-cu il tarixli müqavilə üzrə 536 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 12.09.2019-cu il tarixli müqavilə üzrə 203 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 11.02.2020-ci il tarixli müqavilə üzrə 2052 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla, ümumilikdə 2901 (iki min doqquz yüz bir) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar