Məhkəmə qərarları › İş №2(043)-2083/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2083/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2083/2021 23.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 700 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2021-ci ilin mart ayında razılaşıb onun təklif etdiyi evi almaq qərarına gəlmişdir. Cavabdeh ondan evin sənədlərini düzəltmək üçün 600 manat, beh olaraq isə 100 manat pul isətmişdir. O da 2021-ci ilin mart ayının 14-də 700 manat pulu cavabdehə vermişdir. Cavabdeh bu günə kimi onu aldadır və pulunu qaytarmaqdan imtina edir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək bu barədə məhkəməyə ərizə təqdim etmiş, eyni zamanda bildirmişdir ki, o, ev alqı-satqısı üzrə vasitəçi kimi fəaliyyət göstərir. İddiaçı almaq istədiyi ev üçün ona qabaqcadan 700 manat pul vermiş, lakin daha sonra alqı-satqı baş tutmamışdır. O isə həmin pulun bir hissəsini ev sahibinə verdiyi və ondan ala bilmədiyi üçün iddiaçının pulunu vaxtında qaytara bilməmişdir. Bununla belə öhdəliyini başa düşür və qısa zamanda iddiaçıya olan borcunu ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Tərəflərin izahatlarından göründüyü kimi iddiaçı ev alqı-satqısı ilə bağlı vasitəçi kimi cavabdehə müraciət etmiş, alqı-satqı ilə əlaqədar olaraq cavabdehə qabaqcadan 700 manat pul vermişdir. Lakin sonradan alqı-satqı baş tutmamış və pul iddiaçıya geri qaytarılmamışdır. Hazırkı məbləğ beh olmadığından beh müqaviləsi ilə bağlı qaydaların mübahisəyə tətbiq edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Tərəflər arasında behlə bağlı yazılı razılaşma olmadığından iddiaçının cavabdehə hər hansı hüquqi əsas olmadan 700 manat pul verdiyi və cavabdehin iddiaçının hesabına əsassız olaraq varlandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 700 manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar